ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqında sənədin detalları ilə bağlı müzakirələr davam edir. Müqavilənin müddəları Ermənistan ictimaiyyəti və siyasətçiləri arasında birmənalı qarşılanmayıb.
Hətta ABŞ-ın Ermənistana “sərhəd təhlükəsizliyinin qorunmasına dəstək” adı altında göndərəcəyi hərbçilərin sayını zamanla artıracağı, bir müddət sonra isə burada hərbi baza açmağı planladığı deyilir. Vaşinqtonun İrəvan vasitəsilə Cənubi Qafqaza məhz bu yolla daxil olmağı hədəflədiyi vurğulanır.
Yeni Prezident Donald Trampın hakimiyyəti dövründə Ağ Ev bu addımı reallaşdıra bilərmi? Ermənistandan Rusiya hərbi bazasının çıxarılması və ABŞ bazasının açılması mümkündürmü?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Vaşinqton və İrəvan arasında imzalanan xartiya bir sıra məqsədləri özündə ehtiva edir:
“Əsas nəzərə çarpan məqam hərbi və təhlükəsizlik məsələləri ilə bağlıdır. 2024-cü ilin 5 aprel tarixində Avropa İttifaqı (Aİ), ABŞ və Ermənistan arasında imzalanan sənəddə də bu detallar vardı. Hər nə qədər hərbi məsələlərin gizlədilməsinə çalışılsa da, strateji tərəfdaşlıq haqqında saziş hər şeyi ifşa edir.
Lakin imzalanan son sənəd bir daha onu deməyə əsas verir ki, ABŞ Aİ ilə birlikdə Ermənistanda hərbi baza yaratmağa çalışır. Ermənistan ordusunun silahlanması və bir sıra təlimlərə cəlb edilməsi də diqqətçəkən məqamdır.
ABŞ Rusiyanın maraqlarına zərbə vurmaq üçün bu addımı atır. Yəni Vaşinqtonun planı Kremli Cənubi Qafqazdan sıxışdırıb çıxarmaqdır”.