
“Musiqiyə uşaqlıqdan həvəsim olub. Sadəcə olaraq imkansızlıqdan arxasınca getməmişəm. Ailədə də mənə dəstək olan olmayıb. Ona görə də fəhləlik etməyə başladım. Usta işlədiyim yerdə gördüm ki, bir böyük yağ qabı var. Nahar fasiləsində başladım onun üzərində müəyyən əlavələr etməyə. Qərara gəldim ki, həmin qaba səsgücləndirici, “kalonka” və digər şeylər əlavə edərək gitara hazırlayım. Heç bir dəzgahdan istifadə etmədən 2 günə həmin gitaranı hazırlayıb ərsəyə gətirdim. Aləti hazırlayıb tiktokda paylaşdım. Fikirləşdim ki, hər kəs indi məni tənqid edəcək, pis rəylər yazacaq. 4 milyondan çox baxış, 500-dən çox isə rəy gəldi. Hər kəs xoş sözlər yazırdılar. Bu məndə daha böyük həvəs yaratdı”
Bunu Moderator.az-a açıqlamasında yağ qabından gitara hazırlayan Salyan rayon sakini Natiq Meybullayev deyib. O daha sonra bildirib ki, məşhur teleaparıcı Acun Ilıcalı onu Türkiyəyə dəvət edib:
“Az bir zaman ərzində məşhurlaşdım. Başladılar məni toylara dəvət etməyə. Öz rayonumuzdan və ətraf rayonlardan məni toylara, məclislərə dəvət edirdilər. Konkret qiymət də demirdim. Türkiyədən Acun Ilıcalı məni “Yeteneksizsiniz” yarışmasına dəvət edib. Artıq qeydiyyatdan keçmişəm, nömrəmi götürüblər. Mənə mesaj gəldi ki, sizi qeydə almışıq, yarışma başlayanda dəvət edəcəyik. Ora gedib gələndən sonra hazırladığım alətin patentini alacam. Sadəcə olaraq bunun yolunu bilmirəm ki, necə edim? Çox xahiş edirəm bu işdə mənə köməklik etsinlər. Mən sübut etdim ki, insan üçün heç nə əngəl deyil. Artıq fəhləlik etmirəm, musiqi sahəsi ilə maraqlanıram. Alət olmaya bilər, amma insanın həvəsi olsa özünə lazım olan əşyanı hazırlaya bilər” deyə musiqiçi bildirib.
Natiq Meybullayev deyir ki, bir çox məşhurlardan dəstək istəsə də onun bu istəyinə müsbət cavab verən kimsə olmayıb:
“Hədsiz tanınmış müğənnilərdən dəstək istəmişəm. Hamısı da deyib ki, bura kimi gəlmisənsə, çalış bundan sonra da özün qabağa get. Dəstək göstərməyiblər. Efirlərə çıxandan sonra gitara ifaçıları zəng edib dedilər ki, o yağ qabı nədir elə? Sənətimizi ucuzlaşdırırsan, alçaldırsan! Efirlərə çıxmağımı da qısqanclıqla qarşılayırlar. Deyirlər ki, 40 ildir bu sənətdəyik, bir dəfə efirlər bizi dəvət etməyib. Bəziləri də deyir ki, gəl sənə gitara verək, onunla efirlərə çıx, biz də sənin yanında olaq. Görün nə qədər gitara ifaçıları var, onları heç efirə dəvət etmirlər. Mən onlara başa salıram ki, məni gitaraya görə yox, hazırladığım alətə görə efirlərə dəvət edirlər! Türkiyədən zəng edib mənə saz hədiyyə etdiklərini bildirirlər. Gələcəkdə bu sənətdə daha da peşəkar bir musiqiçiyə çevrilmək istəyirəm. Beynimdə bir neçə musiqi aləti də var ki, onları da hazırlayacam” deyə musiqiçi bildirib.
