
Səs-küylü SSRİ ənənəsi, narazı fikirlər, ikitirəlik… Söhbət hər il eyni vaxtda – 23 fevral ərəfəsində müzakirəyə çıxarılan “kişilər günü”ndən gedir. Tərəfdarları ilə yanaşı, əleyhdarları da var. Digər tərəfdən bu il vəziyyət bir qədər fərqlidir. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda sözügedən tarixin keçirilməsi xüsusilə yanlış hesab olunur.
Qeyd edək ki, SSRİ-də 23 fevral ordunun yaranma günü və ya “Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunurdu. “Kişilər günü”ndə müttəfiq respublikalarda yaşayan xanımlar öz ataları, qardaşları, həyat yoldaşlarını bayram münasibətilə təbrik edirdilər.
“Kişilər günü”nün keçirilməsi doğrudurmu?
Globalinfo.az-a danışan hərbi ekspert Emin Həsənli belə bayramlara birdəfəlik son vermək lazım olduğunu deyib:
“Biz bayramı Silahlı Qüvvələrin yarandığı gün, yəni 26 iyunda qeyd etməliyik. Bəziləri 8 noyabr Zəfər gününə üstünlük verir. “Qarabağ işğaldan azad olunmayana qədər kişilər günü qeyd edilməsin” kimi fikirlər var idi. 8 noyabr bütünlükdə xalqın, ordunun, Ali Baş Komandanın bayramıdır. Lakin 26 iyunda keçirmək daha ədalətli olar”.
E.Həsənli rus ordusunun xalqımıza qarşı törətdiyi faciələri də xatırladıb:
“23 fevral tarixi 1990-cı il 20 yanvar faciəsini törədən ordunun bayramıdır. Məhz onların silahları ilə ermənilər Azərbaycan torpaqlarını işğal etdi, Xocalı soyqırımını törətdi. Ona görə bunu bayram deyil, əksinə qara günlərdən biri kimi qeyd etməliyik”.