
“Mənim sevgilim yoxdur. Sevgilim anamdır, oğlumdur, qızımdır, nəvəmdir, bir də sevənlərimdir. Dünən restoranlardan birində səhnə almışdım. Gənclər qarnıaçıq və göbəyiaçıq qızların əlinə pul verirdilər, mənə bir qəpik də vermirdilər. Mikrofonu əlimə götürüb dedim ki, bizim sevgilimiz xalqdır. Əgər xalq da mənə sevgili gözü ilə baxmırsa kimdən nə gözləyim? Mənim sevgilim yox, dostlarım var” Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Samirə Yusifqızı bildirib. O daha sonra əlavə edib:
“Sevgilini göstərmək üçün yox, sevmək üçündür. Reklama görə sevirsən ki? Əgər onu sevirsənsə əksinə onu hamıdan gizlətməlisən. Xoşbəxtlik səs-küyü sevmir. Qışqırbağır salsan ki, mən xoşbəxtəm, bu zaman xoşbəxtlik özü səndən qaçacaq. 7-8 il olar ki, həyatımda heç kim yoxdur, heç kimə etibarım da yoxdur, istəmirəm də. Heç belə normal adam da görmürəm. İmkanı olanlar gedib cavan qızlarla oturub-dururlar, məni neynirlər? Yaşlı qadınam. 25 yaşında qızları istəyirlər. Mənə gələn havayı gələcək, mən də onu istəmirəm. Nəyimə lazımdır? Heç kimə borcum yoxdur. Mənim kiminsə nazına dözən vaxtım deyil! Ona görə qaçıram, heç istəmirəm də. Həm də oğlumdan, qızımdan, nəvəmdən ayıbdır. Özümə bunu sığışdıra bilmirəm. “Detski” şeyləri sevmirəm. O bunun arxasınca danışır, bu onun ərindən uşaq doğur, o bunu qısqanır. Mən belə şeyləri sevmirəm” deyə müğənni bildirib.
Samirə Yusifqızı deyir ki, vaxtilə duet ortağı Oqtay Kamillə onun sevgili olduğunu bilirdilər:
“Bütün duet ortaqlarına deyilən şayiələr Oqtayla məndən də yan keçməyib. Deyirdilər ki, guya sevgiliyik. Bu qədər söz-söhbət nə mənim, nə də onun ailəsinə nifaq toxumu səpmədi. Problem yaşanmadı. Çünki onun ailəsi məni, mənim ailəm də onu yaxşı tanıyır. Ortaq işbirliyimiz demək olar ki, bizim evimizdə olub. Uşaqlarımızın, valideynlərimizin yanında yaranıb. Oqtayın yoldaşı da çox alicənab xanımdır. Biz Oqtayla meyxanada sözləri dəyişib, sevgi sözləri ilə əvəz edirdik. Ola bilər ki, bundan irəli gəlsin” deyə müğənni bildirib.