
Fransanın İrəvandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini Ermənistanın “İctimai” radiosuna müsahibəsində bir sıra fikirlər səsləndirib. Belə ki, o, Azərbaycan və Ermənistan arasında müharibənin gözlənildiyinə diqqət çəkib. Dekotininin bu açıqlaması ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Ümumiyyətlə, son vaxtlar oxşar bəyanatlar, anonslar tez-tez səsləndirilir. Bu, bir mesajdırmı?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, hər bir ölkənin səfiri ilk növbədə rəhbərlərin fikir və mövqeyini müdafiə edir, onların maraqlarına cavab verən yanaşma sərgiləyirlər:
“Olivye Dekotininin səsləndirdiyi fikirlər də Fransa Prezidenti Emmanuel Makron və ətrafının mövqeyidir. Fransa ciddi şəkildə Ermənistanı silahlandırır. Onu Azərbaycanın guya müharibəyə hazırlaşdığına inandırmağa çalışır. Hindistanla da ilginc münasibətlər formalaşdıran Emmanuel Makron çox təhlükəli bir oyunun getməsinə rəvac verir. Azərbaycan bu istiqamətlərdə lazımi addımlar atır, fəaliyyət sərgiləyir.
Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ermənistana verdiyi mesajlar xüsusi əhəmiyyət daşıyır. O bildirdi ki, Ermənistan öz öhdəliklərindən kənara çıxmamalıdır. Kimlərinsə dəstəyini almaqla özünü sığortalaya bilməyəcək. Əgər Ermənistan həqiqətən də qeyri-qanuni işlərə baş qoşacaq, Azərbaycana israrla təhdidlər irəli sürəcəksə, onda rəsmi Bakı cavab verəcək”.
Politoloqun sözlərinə görə, Azərbaycanın hərbi potensialı da kifayət qədər yaxşıdır və Ermənistanın xülyaları boşa çıxacaq:
“Rəsmi Bakının dediklərini ciddi qəbul edib, lazımi qənaətə gəlinməlidir. Fransa riskə getmir, risk elementi kimi Ermənistanın maraqlarını ayaq altında qoyur. Ermənistanı silahlandırmaqla Azərbaycanın üzərinə gəlməsində cəsarətləndirir. Ermənistan cəmiyyətində az-çox ağıllı adamlar varsa, Fransanın tələbini əks istiqamətdə həyata keçirərlər. Birincisi, Zəngəzur dəhlizinin açılmasına müsbət cavab verilsin, ikincisi, Azərbaycanın tələb etdiyi konstitusiya dəyişikliyinə gedilsin”.