
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələri və bütövlükdə cəmiyyət üçün zəhərli fiqura çevrilir.
APA-nın Moskva bürosu xəbər verir ki, Putin bunu “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişinin müəllifi Pavel Zarubinə müsahibəsində deyib.
O qeyd edib ki, Zelenski Rusiya ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb.
Putin bildirib ki, Rusiyada olan məlumata görə, Zelenskinin reytinqi Zalujnıdan iki dəfə aşağıdır:
"Zelenskinin problemləri var, çünki hərbi vəziyyət aradan qaldırılan kimi o, dərhal seçkiyə getməli olacaq. Zelenskinin seçkiləri qazanmaq şansı sıfıra bərabərdir".
Putin vurğulayıb ki,️ Rusiyanın Ukrayna dövlətçiliyinin qorunub saxlanmasına qarşı deyil, lakin bu ərazidən Rusiya üçün düşmən meydançası kimi istifadə edilməməlidir.
Rusiya Prezidenti hesab edir ki, Tramp Ukraynadakı siyasi vəziyyəti yaxşılaşdırmaq istəyir. Onun fikrincə, ABŞ Prezidentinin bu cəhdi Rusiyadan daha çox Ukraynanın özünə sərf edir.
Putin Avropanın Ukrayna üzrə danışıqlar prosesində iştirakının tələb olunduğunu da söyləyib.
Rusiya dövlət başçısı Trampla Ukrayna münaqişəsinin həllini hələ əsaslı şəkildə müzakirə etmədiyini bildirib.