“Ermənistan hakimiyyəti 1990-cı illərdə Türkiyənin təqdim etdiyi sənəddəki ilkin şərtlərin demək olar hamısını qəbul etdi”.
Globalinfo.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Melkonyan deyib.
Onun sözlərinə görə, hazırkı hökumət sözügedən şərtlərin icrasına artıq başlayıb:
“1990-cı illərin əvvəllərində Türkiyə münasibətlərin normallaşması üçün Ermənistana ilkin şərtlərinin olduğu bir sənəd təqdim etmişdi.
Bunlar aşağıdakılardır:
– “erməni soyqırımı”nın beynəlxalq səviyyədə təbliğatının dayandırılması, bu mövzuda düşmənçilik planlarına son qoyulması;
-Ağrı dağının Ermənistanın simvolu kimi tanıdılmasına son verilməsi;
-Qars müqaviləsinin tanınması;
-Ermənistan Konstitusiyasının söykəndiyi İstiqlal Bəyannaməsində dəyişikliyin edilməsi.
Kapitulyasiyanın nəticələri var, düşmənin şərtlərini qəbul edirsinizsə, onun icrası zaman alır. Ankaranın o zamankı şərtləri ilə Ermənistan hökumətinin hazırda atdığı addımlar və açıqladığı qərarlar üst-üstə düşür. Yəni İrəvan rəsmi olaraq bütün şərtləri qəbul edib”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə “erməni soyqırımı” iddiasının araşdırılmalı olduğunu, bunun illər əvvəl Türkiyənin NATO-ya üzvlüyünə manə olmaq üçün ortaya atıldığını demişdi. Eyni zamanda baş nazir Ağrı dağının Ermənistanın deyil, Türkiyənin olduğunu bildirdi və gerblərdən dağın rəsminin çıxarılmasını xahiş etdi. Həmçinin rəsmi Bakı və Ankara gələcəkdə yeni ərazi iddialarının irəli sürülməməsinin qarşısını almaq üçün İrəvandan Konstitusiya, həmçinin İstiqlal Bəyannaməsində dəyişikliyin olunmasını tələb etdi. Qarabağla bağlı mistik iddianın ölkənin tarix dərsliklərindən çıxarılması nəzərdə tutulur. Paşinyana yaxın mənbələr yaxın zamanda referendumun keçiriləcəyini iddia edirlər.