Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Son günlər ictimaiyyətdə narahatlıq yaradan məsələlərdən biri də estetik əməliyyat etdirənlər arasında ölüm halının artmasıdır. Hazırda ölkədə estetik əməliyyatları təcrübəsi olan-olmayan, sertifikat alan-almayan həkimlər edir. TƏBİB və Səhiyyə Nazirliyi isə buna ya müdaxilə etmir, ya da gücü çatmır. Gələcəkdə əməliyyatları məhdudlaşdıran qanun qəbul edilə bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov deyib ki, əməliyyatların qanunla məhdudlaşdırılması və ya düzənə salınması nümunəsi dünya təcrübəsində yoxdur.
Onun sözlərinə görə, bu məsələdə tənzimləyici orqan icra strukturlarıdır:
“Mövcud mövzu qanunvericilik orqanının predmeti deyil. Bu, icra strukturları, hüquq mühafizə orqanları tərəfindən araşdırılması gərəkən məsələdir. Əlbəttə ki, insanların ölkədə var olan qanunlar xaricində, icra strukturları tərəfindən qoyulmuş standartlar xaricində sertifikasiyası və ya hər hansı bir standart təcrübəsi olmadan, müvafiq təhsil sistemindən keçmədən bu işlərlə məşğul olması birmənalı qəbuledilməzdir. Bəzi yerlərdə isə cinayətdir. Ona görə də əminik ki, bu məsələ aidiyyəti qurumların nəzarəti altında ən qısa müddət ərzində öz həllini tapacaq”.