“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması İrəvan hakimiyyətinin yarıtmaz siyasəti sayəsində hələ də öz həllini tapmayıb”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, adətən müharibələrdə qalib gələn ölkələr bu və ya digər formada öz şərtlərini irəli sürür:
“Tarix boyu müharibələrdə məğlub olan tərəf qalibin şərtlərini icra edir. Azərbaycan isə 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etməsinə baxmayaraq, çox rasional və real sülh müqaviləsi şərtlərini təklif etdi. Lakin rəsmi İrəvan tərəfindən cürbəcür cavablar verildi və addımlar atıldı.
Müharibədən sonra prosesin bu qədər uzanmasının da əsas səbəbi təbii ki, Ermənistan və onun havadarlarıdır. Bəzi qüvvələr bu iki ölkənin bir masa ətrafında doğru-düzgün qərarların verilməsinə əngəl olmağa çalışır”.
Millət vəkili qeyd edib ki, Ermənistanın digər dövlətlərin arxasında gizlənərək inkişafa cəhd göstərməsi bu gün də davam edir: “İrəvan özü üçün hava-su kimi lazım olan şərtləri qəbul etmək əvəzinə, hələ də ərazisini bir növ plastarma çevirib. Artıq Ermənistanın əraziləri Avropa İttifaqı, ABŞ, Kanada, Fransa və digər qüvvələr üçün bir poliqon rolunu oynayır. Lakin eyni vaxtda bir neçə stulda oturmaq siyasəti heç bir şəxsə və dövlətə xeyir gətirməyib”.
Vüqar İskəndərovun fikrincə, Donald Trampın ABŞ-nin Prezidenti seçilməsi ən azı pozitiv ümidlər doğurur: “Demokratların hakimiyyət illərində yürüdülən yarıtmaz siyasətin, xüsusilə də onun Cənubi Qafqazla bağlı olan hissəsinin arxivə göndəriləcəyini düşünürük. Çünki onun acı nəticələrini ABŞ üçün başağrısına çevrilməkdədir. Azərbaycan-ABŞ əlaqələrinin normal məcrada inkişafı tarixən olub. Əsasən də rəsmi Bakı hər zaman normal, doğru və düzgün siyasətə sadiqliyini nümayiş etdirib. Təəssüf ki, Co Bayden və onun komandası Ermənistana yönəlik siyasət həyata keçirməklə iki ölkə arasındakı münasibətlərə kölgə saldı. Ümid edirik ki, Donald Tramp ən azından birinci dönəmindəki siyasətinə sadiq qalacaq və neytral mövqe nümayiş etdirəcək. ABŞ bütün ölkələrə bərabərhüquqlu və bərabər səviyyəli münasibət sərgiləsə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına öz töhfəsini verə bilər”.
Deputat vurğulayıb ki, sülh gündəliyi ortadadır və kifayət qədər uğurlu nəticələr var: “Azərbaycanla Ermənistan arasında razılaşdırılmış məqamlar daha çoxdur. Lakin sülh müqaviləsinin imzalanması üçün rəsmi Bakının irəli sürdüyü konkret tələblər var. Ermənistan rəhbərliyi vaxt uzatmaqdansa, buna əngəl olan qüvvələri dayandırmalı və danışıqlarda daha real və rasional siyasət həyata keçirməli, o cümlədən şərtlərimizi qəbul etməlidir. Bundan sonra da beynəlxalq hüquqla tanınan, təsdiqlənən, hər iki ölkənin milli qanunvericiliyinə uyğun olan sülh müqaviləsinin imzalanması baş tuta bilər. Ardınca sərhədlərin delimitasiya və demarkasiya prosesi, habelə Zəngəzur dəhlizi ilə bağlı məsələlər də öz həllini tapa bilər. Bundan isə yalnız Azərbaycan və Ermənistan yox, bütün bölgə qazanclı çıxar”.
Deputat deyib ki, regionda sabitlik və dayanıqlı sülhün əldə olunması üçün bu vacibdir:
“Düşünürük ki, bu, yalnız sözdə yox, əməldə göstərilməlidir. Azərbaycan da Ermənistandan real əməl gözləyir”.