ABŞ dövlət katibi Mark Rubio ölkənin bütün diplomatik və konsulluq nümayəndəliklərinə USAİD və Dövlət Departamentinin maliyyələşdirdiyi yeni proqramlara maliyyə ayrılmasını dayandırmağı tapşırıb.
Globalinfo.az xəbər verir ki, məlumatı CBS News yayıb. Məlumata görə, Rubio bu addımı Trampın ABŞ xarici yardımlarının yenidən nəzərdən keçirilməsi barədə tapşırığına əsasən atıb. Qərarın verilməsində məqsədin onun ABŞ-nin xarici siyasətinə uyğun olub-olmadığını yoxlamaq olduğu vurğulanıb. Yoxlamanın 85 gün ərzində aparılacağı və hesabatında dövlət katibinə və daha sonra prezidentə veriləcəyi bildirilib.
Rubionun əmrinin həmçinin təkcə yeni yox, mövcud olan yardım proqramlarını da əhatə edəcəyi də vurğulanıb. Yeganə istisnanın İsrail və Misirin hərbi maliyyələşməsi, eləcə də fövqəladə qida yardımı olduğu açıqlanıb.
Qeyd edək ki, son illərdə USAİD və Dövlət Departamenti onlarla ölkədə xeyli təşkilata yardım edib. Xüsusilə Bayden administrasiyası son aylarda Ukraynaya yardımı artırıb. Gürcüstanda isə Gürcü Arzusunun seçkidə qalib gəlməsindən sonra Vaşinqton hakimiyyət orqanlarına yardımları dayandırsa da vətəndaş cəmiyyətinə yardımı artıracağını bildirib. Ermənistana da USAİD çərçivəsində verilən yardımlar 2024-cü il ərzində artıb. Azərbaycan isə USAİD-in yardımından və ölkədə fəaliyyətindən imtina etdiyini açıqlayıb.