Ermənistanın “Past” saytının yaydığı məqalədə qeyd olunur ki, aprel ayında sərhədin şimal istiqamətində delimitasiya prosesi böyük ölçüdə başa çatmalıdır. Nəticədə Voskepar kəndinin (Əskipara-red) böyük hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi, yeni sərhəd xəttinin Lori rayonunun Lorut kəndi olacağı gözlənilir. Hazırda Ermənistan ictimaiyyəti sərhədin şimal istiqamətində delimitasiya prosesinin mümkün nəticələrini müzakirə edir.
Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, bu kimi xəbərlər Ermənistan hökumətinə qarayaxma kampaniyası aparmağa xidmət edir:
“Reallıq belədir ki, yanvarın 16-da Azərbaycan və Ermənistan delimitasiya kommisiyalarının 11-ci görüşü oldu. Bu görüşdə sərhədlərin delimitasiyasının şimaldan cənuba doğru başlayacağı razılaşdırıldı. Yəni Azərbaycan -İran-Ermənistan sərhədinə doğru davam edəcək. İlk növbədə Qazax istiqamətində delimitasiya prosesi baş tutacaq. Əskipara kəndinin müəyyən hissələrinin Azərbaycan tərəfə düşməsi ehtimalı var. Lakin bu heç də o demək deyil ki, tam şəkildə Əskipara Azərbaycanın nəzarətinə keçəcək. Rəsmi Bakı Yuxarı Əskipara, eləcə də Sofulu kəndinin geri qaytarılmasında maraqlıdır. Erməni işğalı altında olan kəndlərimiz eksklav olduğu üçün Azərbaycan həmin kəndlərin taleyi ilə bağlı danışıqlar aparmaqdadır”.
Politoloqun sözlərinə görə, yeni sərhəd xəttinin Lori rayonunun Lorut kəndindən keçəcəyi inandırıcı deyil:
“Çünki bu ərazi şərti sərhəddən xeyli uzaqdadır. Ermənistanda sərhəd məsələsinin ciddi müzakirə olunması da təbiidir. Həmin ərazilərdə yaşayış var və həmin insanlar istər-istəməz ərazilərin taleyi ilə bağlı dərindən maraqlanırlar. Bu da ictimaiyyətdə rezonans doğurur”.