3 gün əvvəl Qəbələ rayonundakı Nohur gölündə meyiti tapılan 40 yaşlı İlham Qəribli tanınmış şəxsin oğlu imiş.
“Qafqazinfo” xəbər verir ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən şəxs AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İslam Qəriblinin oğludur.
Bildirilir ki, İlham Qəriblinin meyiti üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Onun ilin soyuq aylarında su hövzələrində üzməyi sevdiyi bildirilib və Nohur gölündə üzərkən boğularaq ölməsi ehtimal edilir.
Hadisənin konkret səbəbi hələlik məlum deyil. İ.Qəriblinin itkin düşməsi xəbəri yayıldıqdan sonra gölün kənarından onun şəxsi əşyaları tapılmışdı.
Qeyd edək ki, İ.Qəriblinin nəşi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən yanvarın 24-də sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.