Bakı Dövlət Universitetinin tələbələri yolsuzluqdan da şikayət edirlər - «Zato» metro olacaq
Tarix: 20-02-2014, 10:49 |
Çap et
DİA.AZ: - Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisi Bakı Dövlət Universitetinin tələbələrinə baha başa oturmaqdadır. Bu barədə DİA.AZ-a müraciət edən BDU tələbələri bildirir ki, ikinci-çıxış universitetin düz qarşısında olacaq:
«Təbii ki, biz buna sevinirik, amma 3 ildir ki, inşaat meydançasının içində hərəkət etmək, təhsil almağımıza da mənfi təsir göstərir».
Tələbələr bildirir ki, dünənə qədər inşaat işlərinə birtəhər dözürdülər: «Amma iki gün olar tikinti səbəbindən BDU-dan metronun «Elmlər Akademiyası» stansiyasının hələlik yeganə olan çıxışına aparan yol bağlanıb. Nəticədə tələbələrin gediş imkanı məhdudlaşdırılıb».
Tələbələr bildirir ki, BDU rəhbərliyinə müraciət etsələr də, bir xeyri olmayıb: «Heç olmasa tələbələr üçün bir cığır aça bilərdilər. Çünki qış olduğundan hava tez qaralır. Və 7-8-də dərsdən çıxan tələbələr, xüsusən də qızlar metroya getməkdə çətinlik çəkirlər. Məcburdurlar ki, təxminən 2 kilometr məsafəni qət etsinlər. Həm də işıqlandırılmamış küçələrlə. Yaxşı ki, tələbələr bu zaman bir yerdə hərəkət edirlər, yoxsa, həmin hərəkət istiqaməti oğru və quldurlar üçün münbit bir yerdir».