
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır. İqtisadiyyat.az xəbər verir ki, layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.
Belə ki, aşağıdakı şəxslər Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:
1) Mahmudov Abduləhəd Əliisa oğlu (Əbdül Mahmudbəyov)
2) Camalov Vüqar Vaqif oğlu
3) Əliyev Rüstəm Qədim oğlu
4) Paşayev İlqar Əli oğlu
5) Rzayev Yavər Maarif oğlu
6) Hüseynli Səbinə Vaqif qızı.
Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək. Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii Şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.
Bəs film layihələrinin bədii və texniki qiymətləndirilməsi hansı meyarlara əsaslanır? Bədii Şuranın üzvləri filmlərin seçimi zamanı hansı prinsiplərə üstünlük verirlər?
ARKA tərəfindən Bədii Şura üzvlərinə ayrılan 9 800 manatlıq ödəniş hansı işləri əhatə edir?
ARKA-da fəaliyyət göstərən Bədii Şuranın üzvü, Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Şükür ki, biz də nəhayət, yavaş-yavaş ağıllanırıq. İdeologiyamızdan, milli-mənəvi dəyərlərimizdən qaynaqlanan sənətimizə peşəkar insanlar tərəfindən nəzarət edirik. Yoxsa ki, özbaşınalıq, biabırçılıq baş alıb gedirdi. Məncə, bu təkcə mənim fikrim deyil, çoxları belə düşünür. Ümumiyyətlə, peşəkar insanların aidiyyəti qurumlarda təmsil olunması çox yaxşı haldır. Gec də olsa, buna şükür. Biz respublikada fəaliyyət göstərən özəl şirkətlərə və studiyalara rəhbərlik etmirik. Yalnız Mədəniyyət Nazirliyinin xətti ilə ARKA-ya daxil olan və ARKA ilə birgə həyata keçirilən filmlərə və ssenarilərə rəy veririk. Yəni hər kəsin çəkdiyi filmə deyil. Bu gün Azərbaycanda barmaqla sayılan 3-4 peşəkar kino adamı varsa, onların hamısı ARKA-dadır. Burada çox gözəl ziyalılarımız və müxtəlif sahələri təmsil edən şəxslər var. Bədii Şura 7 nəfərdən ibarətdir. ARKA-nın rəhbəri Orxan Fikrətoğludur - çox yaradıcı və peşəkar insandır. Təbii ki, hər şey Mədəniyyət Nazirliyinin xüsusi diqqəti və nəzarəti altındadır. Biz yalnız peşəkar səviyyədə işləyən film studiyalarının filmlərinə rəy veririk. Kimlərinsə haradasa film və ya serial çəkməsinin bizə aidiyyəti yoxdur”.
Xalq artisti Bədii Şura üzvlərinə verilən 9 800 manatlıq ödənişlə bağlı da açıqlama verib: “O ki qaldı 9 800 manata, hər bir işin müəyyən maaşı var. Bu, normaldır. Maaşsız indi dünyada heç bir iş yoxdur. Bəzilərinin gözünə bu məbləğ çox görünə bilər, amma 12 aya böləndə aya təxminən 700 manat edir. Bu da "xala-xətrin qalmasındır". Amma inanın ki, məni heç vaxt maddi məsələlər maraqlandırmayıb. Mən maddiyyat adamı deyiləm, məni tanıyan hər kəs bunu bilir".
“Bədii Şura indiyə qədər hansı filmlərə rəy verib” sualına isə xalq artisti belə cavab verdi: “Bu günlərdə Xocalı faciəsindən bəhs edən, rejissoru İlqar Safat olan "Doğma torpaq" filminə rəy verdik. Təəssüf ki, bu filmi biz gec gördük. Film dünya səviyyəsində olan bir işdir. Süjetə görə, İngiltərədən bir qadın jurnalist Azərbaycana gəlir, burada flora və faunanı, eləcə də Xocalı faciəsinin dəhşətlərini öz gözləri ilə görüb çəkir. Möcüzə nəticəsində sağ qalır, İngiltərəyə qayıdır və böyük konfrans keçirir. Orada konkret sənədlərlə, faktlarla erməni vəhşiliyini dünya ictimaiyyətinə təqdim edir. Həmin konfransa daxil olan erməni terrorçusu isə jurnalisti hər kəsin gözü qarşısında güllələyir. Bu səhnə erməni terrorizmini bir daha sübut edir.
Film həm siyasi ideologiya, həm də bədii dəyər baxımından çox əhəmiyyətlidir. Mən bütün səmimiyyətimlə Azərbaycan ziyalılarına - elm, sənət, mədəniyyət xadimlərinə, KİV nümayəndələrinə, parlament üzvlərinə və dövlət strukturlarına müraciət edirəm. İllərlə bizə sual verirdilər ki, niyə ortaya çıxacaq film yoxdur? İndi isə tam əminliklə deyə bilərəm ki, artıq belə bir film var - “Doğma torpaq”.
Filmi “Nərmin” film studiyası çəkib. Biz də filmin müəyyən mərhələlərində köməklik göstərmişik. Düşünürəm ki, Xocalı faciəsi, Birinci və İkinci Qarabağ müharibəsi haqqında film çəkmək istəyənlər üçün artıq bir ölçü meyarı var. “Doğma torpaq” kimi səviyyəli ssenari və keyfiyyətli iş ortaya qoyulmalıdır ki, filmin çəkilişinə icazə verilsin.
Bu film ümumtəhsil məktəblərində, universitetlərdə və dövlət qurumlarında kütləvi baxışla təqdim edilməlidir.
Qarabağ ağrısını, kino sevgisini içində daşıyan bütün Azərbaycan vətəndaşlarını bu filmi izləməyə çağırıram. Gəlsinlər, baxsınlar və görsünlər ki, kino necə çəkilir, müharibə mövzuları necə işıqlandırılır. Bu filmin həm alt mətnindəki ideologiyanı, həm kino dilini, həm aktyor oyununu, həm də rejissor işini dəyərləndirmək lazımdır. Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir.
Biz kinoçuların da canı jurnalistlərin “Dövlət qayğısı yoxdur, niyə film çəkmirsiniz” suallarından qurtardı. Artıq sübut etdik ki, dövlət qayğısı, peşəkar yanaşma və maddi-texniki imkanlar olanda ortaya dünya səviyyəsində filmlər çıxarmaq mümkündür. Biz kino çəkə bilirik. Azərbaycan yüz illərdir kino çəkir. Sadəcə olaraq, uyğun mühit, texnoloji avadanlıqlar və maddi dəstək lazımdır. Və ən vacibi - kino peşəkarlar tərəfindən çəkilməlidir".