Əsas Səhifə > Manşet, Siyasət > "Mənim çəkim qədər pulunuz var..."

"Mənim çəkim qədər pulunuz var..."


27-01-2025, 08:30
"Mənim çəkim qədər pulunuz var..."
"Üzqarası olan bu kitab - akademikin tapşırığı ilə - onu haqlı olaraq ifşa edənlərin acığına durmadan tərif elətdirilir. İndi AMEA-nın şəxsi marağa xidmət edən saytı Ramiz Mehdiyevin cəngindən İsa Həbibbəylinin cənginə, Dilçilik İnstitutunun saytı isə Möhsün Nağısoylunun cəngindən Nadir Məmmədlinin cənginə keçib. Bir vur-çatlasındır ki, gəl, görəsən..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov bildirib.
İ.Abbasov daha sonra əlavə edib: "Pul var, vəzifə var, güvəndikləri dostlar var, ən müxtəlif sosial təbəqələrdən saqqal tutub minnətçi düşən elmi dərəcə müdafiə edənlərin asılılıqları var, daha nə yoxdur ki?! Elə hesab edirlər ki, dövlət onların vəzifələrdə əylənib varlanması, ziyan vurma hesabına kef çəkməsi üçün şərait yaradıb. Bütün rıçaqlar əllərində. Fəaliyyətləri zəmanət altına alınmış bu zatlar istədikləri nəverim əsəri şedevr, şedevri isə nəverim kimi təqdim etməyə qadirdilər. Həqiqəti və dövlət maraqlarını veclərinə almayan, şəxsi və dəstə maraqlarını çkiçəkləndirən alim diplomlu bu şəxslərin pulları, vəzifələri, dost dəstələri bambaşqa aləmdir...
Əlbəttə, siz hər şeyə qadirsiniz, ey üləmayi-möhtərəmlər! Nəfəs aldığım havaya görə sizə təşəkkür edirəm. Siz böyüksünüz, siz dahisiniz, siz, əstəğfirullah, hər şeyə qadirsiniz! "Tövbə, min tövbə, sizə ağ olmağıma, Çox təəssüf edirəm, sizdən uzaq olmağıma!"
Mən yetim, gördüklərimi, bildiklərimi bu suyu sovrulmuş, sakinləri dərbədər olmuş, infrastrukturu dağılmış, yalquzaqlaşmış feysbuk səhifəmdə hərdən qeyd edirəm...
Nə karəyəm ki, sizin üzünüzə ağ olam, üstünüzə toz qonduram, ey rüəsai-övliya?! O boyda dövlətdən, qanundan çəkinmədiyiniz, dövlətin pulu ilə nəşr etdiklərinizdən utanmadığnız halda mən kiməm ki, sizi tutduğunuz yoldan çəkindirəm, ya sizin haqsız olduğunuzu sübut edəm?! Kİm? O da mən?! O boyda dəstənizə kəm baxa bilərəm?! Tövbə, min tovbə!!! Özünüz də etiraf etdiyiniz kimi, mənim çəkim qədər pulunuz var. Ona görə də, əlinizdən hər şey gəlir
Bu qıt səhifəmdə 3-5 nəfər səlahiyyətsiz, ürəyiyumşaq, sadə insanların oxuyub bəzən ürək qırıntısı ilə bir "bəyənmə" atdıqları yazılarım sizi əsla narahat etməsin. Onları siz təsvir, yaxud şəkil çəkib baş girələmək, axmaqlıq, boş-boş işlərlə məşğul olub ömür çürütmək kimi qəbul edin, ey dibsiz mərhəmət sahibləri olan əlahəzrət alimnümalar! "İşiniz irəli olsun!"dan başqa bir şey deyə bilmərəm. Çəkdiyim "şəkillər" xoşunuza gəlməsə, tapşırın əlinizin altında olan ləbbeykmeysterlərinizə dərhal üstündən xətt çəksinlər. Necə deyərlər:
"Buyruq sizinkidir, adil hökmdar,
Sizdə ədalət də, fəzilət də var"
Bir daha işiniz irəli olsun, kefiniz həmişə beləcə kök, damağınız çağ, vəzifələriniz, pullarınız, mülkləriniz və titullarınız bol olsun!.."

Geri qayıt