Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir

Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir


Bu gün, 16:13
Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir
Bir daha rəsmi şəkildə bildirmək istəyirəm ki, Ermənistan öz üzərinə heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta eyham vurmayıb ki, öz ərazisində təhlükəsizliyin təmin edilməsi, o cümlədən beynəlxalq və ya Azərbaycanın sərnişin və ya yük daşımaları başqa ölkəyə həvalə oluna və ya verilə bilər. Əksinə, Ermənistan tranzit təhlükəsizliyinə zəmanət vermək öhdəliyini öz üzərinə götürüb, biz bunu etməyə hazırıq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”də dərc olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş ətraflı bəyanatında deyib.
“Ermənistan heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı bir məhdudlaşdırılmasına, o cümlədən Azərbaycanın qərbindən Ermənistan ərazisi ilə Naxçıvana rabitə məsələsinə razı ola biləcəyinə işarə etməyib. Azərbaycanın qərbindən Ermənistan ərazisindən Naxçıvana rabitə regional rabitə kanalları məsələsinin alt mövzusudur və İrəvan burada da heç vaxt maneə yaratmayıb. Üstəlik, bu məsələdə son dərəcə yaradıcı və çevik olmuşuq. 2022-ci ildə Azərbaycanın narahatlığına cavab olaraq, sərhəd-keçid məntəqələrində malların və vətəndaşların pasport, gömrük və digər nəzarət funksiyalarının beynəlxalq ixtisaslaşmış təşkilata verilməsini qarşılıqlı prinsip əsasında təklif etdik. Azərbaycan buna razı olmadı. İndi Bakının uzunmüddətli münaqişə ucbatından Azərbaycan vətəndaşlarının Ermənistanın sərhəd və gömrük nəzarətindən yayınma ehtimalını bildirməsini nəzərə alaraq, hazırkı mərhələdə Zəngilan-Mehri-Ordubad və əks istiqamətdə, həmçinin Arazdəyən-Ordubad-Mehri istiqamətində dəmir yolu yükdaşımaları ilə kommunikasiyaların açılmasını təklif etdik. Eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik”, - o bildirib.

Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, Paşinyanın açıqlaması daha çox beynəlxalq ictimaiyyətin rəyini cəlb etmək üçün ortaya atılan iddialardır:

"Ermənistan Baş naziri bildirir ki, onların hər hansı yazılı öhdəliyi yoxdur. Lakin 9 noyabr Üçtərəfli bəyanatının 9-cu bəndində Ermənistan birmənalı şəkildə Azərbaycanın Qərb rayonlarını Naxçıvanla əlaqələndirən kommunikasiya xəttində təhlükəsizliyə və maneəsiz hərəkətə təminat verib. Yəni bu hərəkət nəqliyyat vasitələri, vətəndaşlar və yüklərə aiddir. Paşinyan isə deyir ki, onlar yalnız tranzitin təhlükəsizliyinə təminat veriblər. Eyni zamanda o, "Biz Azərbaycana İranın tranzitlə bağlı irəli sürdüyü rejimi təklif edirik" ifadəsi ilə əslində öz niyyətini ifadə edir. Bu isə Üçtərəfli bəyanatın öhdəliklərindən yayınmaq deməkdir. Həmçinin Ermənistan tərəfi istəyir ki, onların 42 kilometrlik ərazi üzrə təklif etdiyi şərtlər bütün Azərbaycan ərazilərində, yəni Mehridən başlayaraq Dərbəndə qədər ərazidə tətbiq olunsun. Bundan başqa Paşinyan ictimai rəyi manipulyasiya edərək bildirir ki, 2022-ci ildə Azərbaycana buraxılış məntəqələrini təklif edib. Buraxılış məntəqələrindən biri də Laçından başlayaraq Gorus ərazisinə keçməklə Biçənək-Şahbuz yolundan hərəkəti tövsiyə edir. Bu təklif Azərbaycan tərfindən qəbul olunmadı. Əsas səbəb ondan ibarətdir ki, Ermənistan əslində Üçtərəfli bəyanatda Mehri üzərindən kommunikasiya xəttini açmalı idi. Çünki Naxçıvanla ən qısa və rahat əlaqə məhz Zəngilan-Ordubad arasında olan 42 kilometrlik məsafədir. Eyni zamanda Araz çayı boyunca vadi üzərindən hərəkətdir ki, bu da ilin istənilən mövsümündə həm yüklərin, həm də sərnişinlərin rahat və sürətli gedişinə şərait yaradacaq yoldur".

Politoloqun sözlərinə görə, Paşinyan Azərbaycanı düz yoldan dağlar, çətin relyef və sərt iqlim şəraiti olan əraziyə yönləndirmək istəyir:
"Ümumiyyətlə Bakının Ermənistandan tək istədiyi Üçtərəfli bəyanatın müvafiq maddəsinə uyğun olaraq Zəngəzur dəhlizində Azərbaycan yüklərinin daşınması üçün vətəndaşlara maneəsiz keçid versin".

Geri qayıt