Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Diplomlu işsizlər...
Diplomlu işsizlər...Bu gün, 08:56 |
Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda müzakirələr zamanı deyib. Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb: “Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb. Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu, həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir”. Qeyd edək ki, müzakirələrin əsas məqsədi tikinti sektorunda işə götürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqlarının artırılmasıdır. Ancaq son illər peşə təhsilinə maraq azalıb. Əksəriyyət ali təhsil almağa axın edir. Halbuki diplomlu işsizlərin sayı heç də az deyil. Peşə məktəblərinə müraciətlər niyə sovet dövründə olduğu kimi deyil? Bəlkə onların reputasiyasını bərpa etmək istiqamətində addımlar atılmalıdır? Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda peşə təhsilinə marağın azalması həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərə yol açır: “Sovet dövründə peşə təhsili iqtisadiyyatın inkişafında mühüm rol oynayırdı. Bu sistem əsasən zavod və fabriklər kimi iri sənaye müəssisələri ilə sıx inteqrasiyaya əsaslanırdı. Peşə məktəbləri yalnız nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar öyrədirdi. Məzunlar dərhal iş yerləri ilə təmin olunurdu və onların əmək bazarına adaptasiyası sürətli olurdu. Bu dövrdə peşə təhsili cəmiyyətdə nüfuzlu və vacib hesab olunurdu. Lakin müstəqillikdən sonra Azərbaycanın iqtisadi strukturlarında baş verən dəyişikliklər, sənaye müəssisələrinin özəlləşdirilməsi və ya fəaliyyətinin dayandırılması nəticəsində peşə məktəbləri ilə istehsalat arasında əlaqə kəsildi. Bu da peşə təhsilinin praktiki əhəmiyyətinin azalmasına və reputasiyasının zəifləməsinə səbəb oldu. Statistik məlumatlar göstərir ki, Azərbaycanda peşə təhsilinə qəbulda artım müşahidə olunsa da, bu rəqəmlər hələ də qaneedici deyil. 2020-ci ildən etibarən qəbulda 60%-lik artım qeydə alınsa da, bu, əsasən dövlətin maliyyə dəstəyi və müəyyən layihələrin icrası ilə əlaqədardır. Bununla yanaşı, ali təhsilə yönələn gənclərin sayı daha yüksəkdir. 2023-cü ildə ali təhsil müəssisələrinə 120 mindən çox müraciət edildiyi halda, peşə təhsilinə müraciət edənlərin sayı bundan xeyli az idi. Bu vəziyyət peşə təhsilinin cəmiyyətdəki reputasiyasının hələ də aşağı səviyyədə olduğunu göstərir. Dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrin peşə təhsilini cəmiyyət və iqtisadiyyat üçün vacib bir komponent kimi inkişaf etdirdiyini görürük. Almaniya bu sahədə nümunəvi ölkələrdən biridir. Almaniyanın dual təhsil sistemi peşə məktəbləri ilə sənaye müəssisələri arasında sıx əməkdaşlığa əsaslanır. Tələbələr təhsil aldıqları müddətdə istehsalat proseslərində iştirak edir, praktiki bilik və təcrübə qazanırlar. Bu model həm tələbələrin işəgötürənlər tərəfindən dərhal qəbul edilməsinə şərait yaradır, həm də onların əmək bazarında rəqabətqabiliyyətli olmasını təmin edir. Azərbaycan bu modeli uyğunlaşdıraraq tətbiq edə bilər. Bunun üçün dövlət-özəl tərəfdaşlığını gücləndirmək və peşə məktəblərini müasir sənaye müəssisələri ilə birləşdirmək lazımdır. Finlandiya və Sinqapur da peşə təhsili sahəsində uğurlu təcrübələrə malikdir. Finlandiyada peşə təhsili yalnız texniki biliklər deyil, həm də geniş spektrli bacarıqlar öyrədir. Bu sistem tələbələrin əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasını təmin edir. Sinqapurda isə peşə təhsili dövlət tərəfindən güclü dəstəklənir və cəmiyyət arasında yüksək nüfuza malikdir. Orada tələbələrə maddi və sosial dəstək göstərilir, təhsil müddətində yüksək səviyyəli praktik təcrübələr təqdim edilir". Ekspertin sözlərinə görə, Azərbaycanda peşə təhsilinin reputasiyasını bərpa etmək üçün ilk növbədə bu sahənin keyfiyyətini artırmaq vacibdir. Təhsil müəssisələri müasir texnologiyalarla təmin edilməli, onların infrastrukturu yenilənməlidir: “Məsələn, bərpa olunan enerji, texniki xidmət, rəqəmsal texnologiyalar kimi müasir sahələr üzrə peşə məktəbləri yaradılmalıdır. Bununla yanaşı, təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılmalı və tələbələrə müasir bilik və bacarıqlar qazandırılmalıdır. Peşə təhsili yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial ədalətin təmin olunması baxımından vacibdir. Bu sahənin inkişafı işsizliyin azaldılmasına, ixtisaslı kadrların hazırlanmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verə bilər. Azərbaycan bu sahədə dünya təcrübəsindən yararlanaraq öz peşə təhsili sistemini modernləşdirməli və gəncləri bu sahəyə cəlb etmək üçün məqsədyönlü siyasət həyata keçirməlidir. Beləliklə, peşə təhsilinin inkişafı həm ölkənin iqtisadi gücünü artıracaq, həm də gənclərin əmək bazarına uğurlu inteqrasiyasını təmin edəcək". Geri qayıt |