Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdiDünən, 19:02 |
Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”. Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”. ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan XİN başçısı Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək”. İmzalanan sənədlə bağlı bir çox suallar var: bu, niyə Co Bayden ABŞ Prezidenti postunu tərk edən dövrdə imzalandı, sənədin Cənubi Qafqaz bölgəsinə təsirləri nələrdən ibarət olacaq, ABŞ-a düşmən münasibət bəsləyən Rusiya və İranın sazişə reaksiyası özünü necə göstərəcək? AYNA-nın mövzu ətrafında suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan azərbaycanlı politoloq Ərəstun Oruclu cavablandırıb. Analitik deyib ki, bu saziş ciddi sənəddir: - Çünki sənəd bir çox sahələri əhatə edir. Burada söhbət həm siyasi, həm hərbi, həm də iqtisadi tərəfdaşlıqdan gedir. Bu, əslində ABŞ-ın Cənubi Qafqaza müdaxiləsinə yol açan sənəddir. Özü də söhbət hərtərəfli müdaxilədən gedir. Nəzərə almaq lazımdır ki, bu gün Cənubi Qafqaz dünyada açar bölgələrdən biridir. Region geosiyasi proseslərin taleyi həll olunan bölgələrdən biridir və bu mənada, nə Gürcüstanda baş verən proseslər, nə ABŞ-Ermənistan arasındakı danışıqlar, nə də Azərbaycanla Qərb arasındakı münasibətlər, Azərbaycanla Rusiya arasında son dövlər baş verən proseslər təsadüfdür. Azərbaycanla Rusiya arasındakı proseslər deyərkən AZAL-ın sərnişin təyyarəsinin raketlə vurulması kimi neqativ prosesləri nəzərdə tuturam. Əslində bunun özü də bir göstəricidir – Rusiyanın münasibəti, reaksiyası birmənalı şəkildə Moskvanın Cənubi Qafqaz siyasətinə uyğun olmalı idi. Amma görünür ki, Rusiya hansısa səbəbdən bunu nəzərə almadı. Belə hadisələr fonunda, yəni Azərbaycanın Qərblə münasibətlərinin soyuq olduğu, konflikt həddində olduğu, eyni zamanda, Bakı-Moskva münasibətlərinin korlandığı, Azərbaycan-İran münasibətlərinin hər zaman olduğu kimi, pozitiv olmadığı zamanda belə bir sənəd imzalanıb. Qeyd edim ki, Vaşinqton əvvəl Bakı vasitəsilə bölgəyə daxil olmaq istədi. İkinci Qarabağ müharibəsində də ABŞ məhz bu səbəbdən Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə bir müddət neqativ reaksiya vermədi. Hətta Laçın yolunda ekoloji aksiyalar keçirilən zaman da, 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı da Vaşinqtondan Bakıya ciddi tənqidi münasibət olmadı. Bəli, müəyyən bəyanatlar verildi, amma siyasət bəyanatlar deyil, konkret addımlardır. Konkret addımlar da biz görmədik. Lakin Azərbaycan hansısa səbəblərdən ABŞ-la bu əməkdaşlığa getmədi, yaxud getmək istəmədi, gedə bilmədi. Bu halda Vaşinqtonun bölgə ilə bağlı siyasətinin vektoru dəyişdi və ABŞ Ermənistanı seçdi. Eyni zamanda, Ermənistanla yanaşı, Vaşinqton Gürcüstanda da vəziyyəti dəyişməyə cəhd göstərir. Vaşinqton-İrəvan əməkdaşlığı haqqında saziş bir neçə aspektdən baxdıqda çox ciddi sənəd sayılmalıdır: həm ABŞ-ın Cənubi Qafqaza təsirinin artması səbəbindən, həm Azərbaycanın mövqeyi baxımından, həm də ümumilikdə, geosiyasi proseslərin inkişafı baxımından. - ABŞ-da yeni adminstrasiyanın fəaliyyətə başlamasına az qalmış köhnə adminstrasiyanın belə bir sənəd imzalamasının səbəbi nədir? - Bəli, ABŞ-da yeni adminstrasiyanın fəaliyyətə başlamasına sayılı günlər qalır. Amma biz gördük ki, ötən ilin noyabrında keçirilən prezident seçkilərindən bu yana – yeni Prezident Donald Trampın andiçmə mərasiminədək bir çox hadisələr baş verdi. İstər ABŞ daxilində, istərsə də xarici siyasətində dəyişikliklər müşahidə edilir. Təbii ki, demokratlar adminstrasiyası Ağ Evi tərk etməzdən əvvəl yeni adminstrasiyaya yeni problemlər yaratmaqla yanaşı, həm də onun xarici siyasətinə müəyyən istiqamətlər verməkdədir. İrəvanla imzalanan sənəd köhnə və yeni adminstrasiya arasında razılaşdırılıb ya yox, deyə bilmərəm. Ehtimal etmək olar ki, müəyyən detallar razılaşdırılıb. O detallar ki, ABŞ-ın ümumi dövlət maraqlarına xidmət edir, onun xarici siyasət doktrinasına zidd deyil. Azərbaycanda Trampın hakimiyyətə gəlişi ilə bağlı müəyyən ümidlər ifadə edilib. Hesab edirəm ki, bu, yanlışdır. Çünki ABŞ-da kimin Ağ Evə gəlməsindən asılı olmayaraq, ABŞ xarici siyasətinin əsas prinsipləri dəyişmir. Bu gün o əsas prinsiplərdən biri ABŞ-ın geosiyasi nüfuzunun genişləndirilməsidir. Bu özünü Trampın Kanada ilə, Panama kanalı ilə, Qrenlandiya adası ilə bağlı verdiyi açıqlamalarda, niyyətlərində özünü göstərir. Diqqət etsək görərik ki, demokratlar tərəfindən Trampın bu niyyətlərinə heç bir mənfi münasibət sərgilənmir. Çünki söhbət ümumi Amerika maraqlarından gedir. Ona görə də demokratların hakimiyyətdən getdiyi ərəfədə belə bir sənədin imzalanması təəccüblü deyil. - Bu sənəd Cənubi Qafqazdakı proseslərə hansı təsirləri göstərəcək? - Əlbəttə, bu saziş Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Artıq ABŞ-la Ermənistan fərqli səviyyədə müttəfiq olurlar. Bu müttəfiqlik bir çox sahələri əhatə edir. Deməli, Vaşinqton bölgədəki maraqlarını Ermənistan vasitəsilə həyata keçirməyi planlaşdırır. Nəzərə alsaq ki, Vaşinqton regiondan nə qədər uzaq olsa da, qlobal gücdür və onun maraqları bölgə üçün təsirsiz deyil. Biz görürük ki, bu sənəd bölgənin digər dövlətlərində - xüsusilə də Rusiya və İran tərəfindən müəyyən bəyanatlar səsləndirilir. Lakin burada məsələyə geniş rakursdan baxılmalıdır. Biz Cənubi Qafqaz uğrunda gedən mübarizədə artıq maraq qruplarının formalaşdığını görürük. Məsədelən, Rusiya ilə İran arasında tərəfdaşlıq haqqında saziş imzalanır, amma İranın xarici işlər naziri bildirir ki, bu, Rusiya ilə hərbi əməkdaşlıq demək deyil. Amma bu, məhz Moskva-Tehran hərbi müttəfiqliyi deməkdir. Zaman baxımından da İran-Rusiya sazişinin Vaşinqton-İrəvan sazişi ilə üst-üstə düşməsi təsadüfi deyil. Dediyim kimi, proseslərə ümumi kontekstdə baxmalıyıq. Geniş pəncərədən baxdırda biz görürük ki, Cənubi Qafqazda Ermənistan-Qərb koalisiyası yaranır, İran-Rusiya koalisiyası yaranır. İndi sual olunur – Azərbaycan haradadır? Təbii ki, bizim istinad edəcəyimiz Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq meorandumudur, yəni ki, Şuşa Bəyannaməsidir. Amma son zamanlar belə görünür ki, Bakı ilə Ankara arasında da hansısa anlaşılmazlıqlar var. Ümid edirəm ki, bu, yanlış təsəvvürdür. İndi Azərbaycan üçün təhlükəsizlik məsələləri daha prioritet məsələyə çevrilib və bu, olduqca ciddi əhəmiyyət kəsb edir. Dediyim kimi, Cənubi Qafqaz ətrafında artıq koalisiyalar, tərəfdaşlıq ittifaqları, müttəfiq qrupları formalaşıb: Erməniatan-Qərb koalisiyası, Rusiya-İran ittifaqı və Azərbaycan-Türkiyə birliyi. Düşünürəm ki, bölgə uğrunda mübarizə bu üç format arasında gedəcək. - Bəllidir ki, Rusiya və İran bu sənədə qarşıdır və Ermənistana təzyiqlər olacaq. Ermənistan Gürcüstanın taleyini yaşaya bilərmi? - İranın və Rusiyanın bu sazişə münasibəti təbii ki, neqativdir. Maraqlıdır ki, Türkiyənin münasibəti hələ ki, tam aydın deyil. Əksinə, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın dilindən Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsinə Ermənistanın Baş naziri Nikol Paşinyanın reaksiyası ilə bağlı pozitiv dəyərləndirmə gördük. Mən ona görə dedim ki, Bakı ilə Ankara arasında aydın olmayan bəzi məqamlar görünməkdədir. Şübhəsiz ki, Rusiya və İran tərəfindən Ermənistana təzyiqlər artacaq. Artıq Moskvadan verilən bəyanatlarda bunun anonsu edilib. Amma bu təzyiqlər nə dərəcədə effektiv olacaq, bunu söyləmək hələ tezdir. Çünki İranın özünün bu gün vəziyyəti kifayət qədər ağırdır. İstər daxildəki iqtisadi-sosial vəziyyət olsun, istərsə də xarici siyasət vəziyyət olsun, İran üçün ürəkaçan deyil. Açıq görünməsə də, İran hakimiyyəti parçalanmış durumdadır. Eyni zamanda, İran Yaxın Şərqdəki bufer zonasını demək olar ki, tam itirmək üzrədir.Suriya İran üçün ciddi forpost idi, onu artıq itirib. “Hizbullah” zəifləyib, HƏMAS-ın mövqeləri xeyli sıradan çıxıb. Artıq təhlükə İran sərhədlərinə yaxınlaşıb. İranın əsas təhlükəsizlik və xarici siyasət strategiyası ətrafında proksilər vasitəsilə bufer zona yaratmaq üzərində qurulub. Bu strategiya darmadağın olub. İranın özünün Cənubi Qafqazda ciddi addımlar atmaq üçün resursları yetərli deyil. Istər Ermənistana qarşı, istər Azərbaycana qarşı addımlar atmaq üçün lazımi resurs yoxdur. Ona görə bu mərhələdə İran-Rusiya güc birləşdirməsinə gedirlər – aralarında olan kifayət qədər ziddiyyətlərə baxmayaraq. Rusiyanın da vəziyyəti bəllidir. Moskva Ukrayna bataqlığında demək olar ki, boğulur. Ermənistan Gürcüstanın taleyini yaşayacaqmı, istisna deyil. Çünki Ermənistanda Rusiyanın “beşinci kolon”u kifayət qədər güclüdür. Lakin unutmayaq ki, 2018-ci ildəki inqilabdan sonra Qərb də Ermənistanda möhkəmlənib. Söhbət 7 illik müddətdən gedir. Gürcüstanda da Mixail Saakaşvili dövrü təxminən bu qədər olmuşdu. Biz indi görürük ki, Qərb Gürcüstanda kifayət qədər təşkilatlanıb, instututlaşıb, oturuşub. Rusiya tərəfindən dəstəklənən oliqarx Bidzina İvanişvili hakimiyyətinə qarşı Gürcüstanda hələ də müqavimət davam edir. Ermənistanda da belə bir vəziyyət yarana bilər. Amma bu vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bir çox amillərdən, o cümlədən, ilk növbədə də Türkiyə-Ermənistan münasibətlərindən asılıdır. Bu münasibətlər necə olacaq, bunu da zaman göstərəcək. Geri qayıt |