
Bakıda erməniəsilli şəxslərlə bağlı məhkəmə prosesi davam edir. Ötən gün keçirilən məhkəmə prosesində məlum olub ki, separatçıların heç biri özlərini təqsirli bilmir. Onlar iddia edir ki, baş verən proseslərdə onlar da bir növ qurbandır.
Xalqımıza qarşı ağır cinayətlər törədən separatçıların məhkəmə qarşısında özlərini qurban adlandırması erməni həyasızlığının növbəti nümunəsi hesab edilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Erməni separatçılarının məhkəmədə özlərini təqsirli bilməmələri, gözlənilən idi. Hiss olunur ki, həmin şəxslər, ifadələrini hansısa xarici mənbə ilə razılaşdırırlar. Məhkəmə istintaqı başlanan günlərdə separatçı qurumun ,,prezidenti,, Araik Arutyunyan provakativ əmrlər verdiyini boynuna alırdı. Onların özlərini qurban adlandırmaları, erməni həyasızlığının ən eybəcər formasıdır.
1988-ci ildən bəri, keçmiş “DQMV”-də və ətraf rayonlarda baş vermiş irili-xırdalı bütün cinayətlər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qeydə alınıb. Cinayətləri törədənlər, hadisələrin şahidləri müəyyənləşdirilib, maddi sübutlar toplanıb. Bir çox cinayətkarların, özlərinin etiraf etdikləri video-audio yazılar mövcuddur. İndi məhkəməsi keçirilən separatçılar, heç zaman düşünməzdilər ki, Azərbaycan torpaqlarını işğaldan azad edər və cavab verməli olacaqlar.
Hüquqi baxımdan, müttəhimlərin özlərini günahkar hesab etməmələri, hansısa xüsusi xidmət orqanlarının təhriki ilə qanunsuz əməl törətdiklərini qeyd etmələri, onları məsuliyyətdən azad etmir. Əksinə, törədilmiş cinayətin etiraf edilməməsi, ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Təkrar edirəm, bu gün məhkəməsi keçirilənlərin hər birisinin, o cümlədən Ermənistanın keçmiş prezidentləri Koçaryanın, Sarqsyanın, Zori Balayanın və əli Azərbaycan xalqının qanına batmış digər separatçı yanların da, cinayətləri çoxdan sübut olunmuşdur. Belə bir deyim var: ”Əlahəzrət faktın qarşısında hər şey acizdir”.
Qətiyyən şübhə etmirəm ki, cinayətkarlar layiq olduqları cəzanı alacaqlar. Ancaq mən çox istərdim ki, məhkəmə prosesi açıq keçirilsin. Dünya ictimaiyyəti görsün ki, erməni faşizmi nədir. Uzun illər ərzində kimləri müdafiə etmişlər və davam edirlər. Bu hadisə bir daha göstərdi ki, separatçıların tökdükləri timsah göz yaşlarına inanmaq lazım deyil”.