
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında yanvarın 17-də baş tutan telefon danışığının təfərrüatları bəlli olub. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr yazır ki, tərəflər xüsusilə “Ermənistanın Avropa Birliyinə daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini, mümkün referendum məsələsini müzakirə ediblər. Məlumata görə, Putin bununla bağlı Paşinyana xəbərdarlıq edib. O bildirib ki, Rusiyadan cavab addımları olacaq. Bütün nəticələr barədə xalqı xəbərdar etməlisən, Ermənistan vətəndaşları bunu bilməlidir. Paşinyan isə bunun Avropa İttifaqına qoşulmaq üçün ilkin istək olduğunu deyərək məsələdən yayınmağa çalışıb: “Deməyə sözüm yoxdur, xalq özü Avropa Birliyinə qoşulmaq istəyir və nəticələrə hazırıq”. Qeyd edək ki, sözügedən qanun layihəsi bu ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Baş nazir Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, bu addım Ermənistanın avtomatik olaraq Aİ-yə daxil olması demək deyil, çünki belə bir qərar referenduma çıxarılmalıdır.
Politoloq Kazım Kazımov “Sherg.az”a söyləyib ki, Rusiya və Ermənistan arasında münasibətlərin son illər gərginləşdiyini hər kəs bilir:
“Nikol Paşinyanın açıq şəkildə Qərbə meyl etməsi və Rusiyanın keçmiş Ermənistanla əlaqələrini pozmağa çalışması İrəvan və Moskva arasında müəyyən bir narazılığa gətirib çıxarıb. Digər tərəfdən Nikol Paşinyan tamamilə Rusiya ilə siyasi partnyorluqdan imtina etmiş kimi görünsə də, iqtisadi rəqəmlərə baxdıqda Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi, xüsusilə Ukrayna müharibəsindən sonra dəfələrlə artıb. Eyni zamanda hələ də Rusiya bazaları Ermənistanda fəaliyyətlərini davam etdirirlər. Nikol Paşinyan KTMT-nin bəzi iclaslarına qatılmasa belə, hələ də təşkilatda varlığını qoruyur. Yəni Ermənistan-Rusiya arasında vəziyyət Qərb və Paşinyana yaxın mətbuatın şişirtdiyi qədər pis deyil. Digər tərəfdən Avropa İttifaqı məsələsinə baxdıqda demək lazımdır ki, Nikol Paşinyan Avropa Birliyi siyasi kursunu üzərinə götürsə də, Ermənistanın yaxın 10 ildə Aİ-yə üzv olmaq kimi şansı yoxdur. Birincisi, Ermənistan Avropa Birliyinə girmək üçün Maastrixt kriteriyalarını qarşılamır. İkincisi, Türkiyə kimi Avropa İttifaqına üzv olmaq istəyən ölkələr var ki, hələ də gözləmə növbəsindədir. Ermənistan üçün namizədlik məsələsi belə çox tezdir. Paşinyanın Putinlə telefon danışığına nəzər yetirdikdə onun Rusiya ilə münasibətləri yaxşı tutmağa cəhd göstərdiyini görə bilərik”.