Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub”
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub”Dünən, 09:19 |
![]() Adətən müsahibə təşəbbüsü media orqanından və ya jurnalistlərdən gəlir. Amma budəfəki həmsöhbətimiz şəxsən redaksiya rəhbərliyimizə müraciət edərək “Yeni Müsavat”a müsahibə vermək istədiyini bildirib. Azərbaycanın Qırğız Respublikasındakı (2012-2021) sabiq səfiri, yazıçı, diplomat, dövlət xadimi Hidayət Orucov qəzetimizdə dərc olunmuş, bir müsahibə ilə əlaqədar ona söz haqqının tanınmasını istəyib. Söhbət ölkəmizin Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun müsahibəsindən gedir. Beləcə, Hidayət Orucovla söhbətimizin ilk bölümünü təqdim edirik: - Hidayət müəllim, Azərbaycanı Qırğızıstan Respublikasında 9 il müddətində təmsil etmisiniz. Müraciətiniz əsasında biz də Sizin fikirlərinizi dinləməyi və dərc etməyi tərəfsiz jurnalistikanın prinsiplərinə əsasən, özümüzə borc bildik. İlkin qənaətimiz budur ki, xələfiniz Lətif Qəndilovun “Yeni Müsavat”a müsahibəsində sizin etirazınıza səbəb olan bir sıra məqamlar var. Nədən narazısınız? - Bəli, Elşad bəy, bu müsahibə mənim təşəbbüsümlədir. Bunun da səbəbi odur ki, Lətif Qəndilovun qeyd elədiyiniz müsahibəsi artıq sizin qəzetdə dərc olunub. Ona görə dedim ki, mənim münasibətim də elə sizin qəzetdə olsun. Əvvəla, onu deyim ki, mən hara təyinat almışamsa, harada işləməyə başlamışamsa və bu illərdə çox məhsul vəzifələr olub, heç vaxt məndən qabaq orada rəhbər necə işləyib, vəziyyət necə olub, o məsələlər məni maraqlandırmayıb. O məsələlər barədə mən adətən danışmamışam. Mən harada işə başlamışamsa, elə ilk gündən kollektivə bəyan etmişəm ki, bu günlə işləməyə başlayıram, dünənlə işim yoxdur. Yəni orada nə olub, necə olub, bunun mənə aidiyyəti yoxdur. Deyək ki, gündə biri gəlib deyəcək ki, “filankəs belə elədi”, mən o səviyyəyə heç vaxt enmərəm. Əlbəttə, əvvəl əgər yaxşı işlər olubsa, onları da şübhəsiz qeyd edirəm. Lətif Qəndilovun bu müsahibəsi məni çox təəccübləndirdi. Ona görə mən öz həyatımda bir müstəsnalıq edib, bir az əvvələ getmək istəyirəm. Mənim Qırğızıstana getməyimə və işə başlamağıma... - Konkretləşdirsək, 2012-ci ilin dekabrına... - 2012-ci il, dekabrın 21-də cənab Prezident məni qəbul elədi, oraya təyinat üçün. Bizim 54 dəqiqəlik söhbətimizdə oradakı səfirliyin mövcud vəziyyəti haqqında mənə üç sözdən ibarət bircə sadə cümlə dedi: “Orada səfirlik yoxdur”. Getdim, başladım işləməyə. 2013-cü ilin ilk ayından, yanvarın əvvəllərindən işə başladım. İlk həftələrdə mənə məlum oldu ki, cənab Prezident tamamilə haqlı imiş və cənab Prezidentin fikri 100% təsdiqləndi. Bir-iki fakt deyim. Təzə səfirəm, nazirlərlə nəzakət görüşləri keçirilir, ancaq nazirlər məni səfirliyin açılması münasibətilə təbrik edirdilər. Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub. - Yəni səfirliyimizin qapısını tanımırdılar? - Heç bilmirdilər, dediyim kimi, hətta məni təbrik edirdilər. 2013-cü ilin əvvəlləri idi yenə. Oranın Mərkəzi Seçki Komissiyasının - orada ayrı cür gedir: Referendumlar və Seçkilər üzrə Dövlət Komissiyası. O qurumun adı belədir. Bu qurumun sədri ilə görüşdüm. Məqsəd o idi ki, cənab Prezidentin seçkilərini müşahidə etməyə gəlsin. Elə bir az qabağa gedim, onu deyim ki, gəldi, seçkilərdə müşahidəçi kimi iştirak elədi, qayıdandan sonra brifinq keçirdi, cənab Prezidentin qalib gəldiyi seçkilərlə bağlı çox yüksək fikirlər səsləndirdi. O sədr mənə dedi ki, bu vəzifədən öncə uzun müddət Qırğızıstanın Cənubi Koreyada fövqəladə və səlahiyyətli səfir olub. Ancaq o, səfir ola-ola bilməyib ki, Azərbaycanın Qırğızıstanda səfirliyi var. Deyirdi: narahatlıqla düşünürmüş ki, qardaş ölkənin qardaş ölkədə nə üçün indiyəcən səfirliyi yoxdur? Və belə bir durumda mən orada işləməyə başladım. Mənim heç kəslə işim yoxdur, mənim işim yalnız öz işimdir. Qabağa baxmışam və öz işimə baxmışam. Sizə bir faktı da deyim. Bizim torpaqlarımız işğal altında olsa da, elə bil Ermənistan orada daha çox tanınırdı, sevilirdi. Ermənistan haqqında informasiya Azərbaycandan olandan qat-qat çox idi. Hər il aprelin 24-ü uydurması matəm kimi keçirilirdi. - Bir türk dövlətində? - Bir türk dövlətində. Qırğızıstanda cəmi 900 nəfər erməni yaşayırdı. Onların da xeyli hissəsi xeşminlər idi. Xeşminlər Ahıska türkləri ilə bir yerdə Cənubi Gürcüstandan, Adıgündən 1944-cü ildə sürgün olunmuş insanların varisləridir. Onlar erməni dilində danışırlar, özləri də müsəlmandırlar. Dediyim kimi, orada hətta uydurma “erməni soyqırımı” ilə bağlı tədbir keçirilirdi. - Qırğızıstanda 20 mindən artıq azərbaycanlı yaşayır, eləmi? - Bəli. Beləcə, biz başladıq. Mən hətta orada regionlara da getdim. Qırğızıstanın ən cənub bölgəsi Oşada da oldum. Orada da görüşlərim oldu və Azərbaycan diasporu ilə görüşdüm. Belə bir vəziyyətdə, belə bir şəraitdə mən işə başladım. İşlər elə getdi ki, artıq Azərbaycan həqiqətləri yayılmağa, Azərbaycan tanınmağa başladı. İndi bir epizod da, bilmirəm, deyimmi, Sizə maraqlı olar. - Buyurun... - Qırğız parlamentinin yubileyi keçirilirdi. Müstəqilik aktı qəbul edən parlamentin sədri ziyafətdə çıxış elədi. Parlamentə “Əfsanəvi parlament” deyirdilər. O, “Əfsanəvi parlament”in sədri orada tost deyirdi. Dedi, bizdə bütün problemlər həll olur, hətta Ermənistan-Azərbaycan konflikti də bizdə həll olundu, qurtardı, getdi. Bişkek protokolunu nəzərdə tuturdu (gülür). Ziyafət idi deyə, mən onunla polemikaya getmədim, amma ertəsi gün ona zəng elədim. O durdu, gəldi, üzr istədi, ondan sonra mətbuatda da bunu dolayı yolla təkzib etdi. Yəni hətta Azərbaycan haqqında informasiyasızlıq bu gündəydi, bu səviyyədə idi. Almazbek Atanbayev o vaxt mən gedəndə orada prezident idi. Mən deməzdim ki, o, tamamilə laqeyd idi. Yox, mən ora gedəndən qabaq onun ölkəmizə rəsmi səfəri olmuşdu, xeyli sənədlər imzalanmışdı. Mən orada işə təzə başlayanda Qəbələyə işgüzar səfərə gəldi, cənab Prezidentlə görüşdülər, maraqlı, gərəkli müzakirələr oldu. Amma ölkədə informasiyalar çox az idi və olan informasiyalar da çox dayaz idi, təhrif olunmuş şəkildə idi. Biz elə etdik, orada işlər elə getdi ki, bu, təkcə Ermənistanla bağlı deyildi. Dediyim kimi, ilk növbətdə ermənilər orada “genosid”i hər il qeyd edirdilər. 2015-ci ildə guya uydurma “genosid”in 100 illiyi idi. Ancaq heç yada düşmədi. Və başladıq. İndi səfir Lətif Qəndilov özünün işlədiyi son üç ili götürür. Biz demək olar ki, qısa müddətdə Azərbaycanı orada hər sahə üzrə tanıtdıq. Azərbaycan dövlətinin siyasətini, iqtisadiyyatını, mədəniyyətini və digər sahələrini... Səfirlik çox aktiv, fəal səfirliklərdən biri oldu. Sonra da bəlkə birincisi oldu, indi mən onu sizə deyəcəyəm. Birinci, biz qardaş xalqlarıq, kökümüz, soyumuz eyni. Əlbəttə, mədəniyyət çox işlər görür. Diplomatik, siyasi, iqtisadi tədbirlərlə yanaşı. Amma eyni zamanda mədəniyyətə də biz çox böyük diqqət yetirdik. Yəni bizim mədəniyyətimizin orada tanınmasına, onlara bilgi verilməsinə, bizim orada təqdim olunmağımıza... Opera və Balet Teatrının binasında İmaməddin Nəsiminin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Mir Cəlal Paşayevin, Anarın möhtəşəm yubileyləri keçirildi. Anar özü də iştirak edirdi və dedi ki, onun yubleyi heç yerdə belə keçirilməyib. Bunların hamısı oranın ən yüksək, ən prestij mədəniyyət ocağı olan Opera və Balet Teatrının binasında oldu, hamısı da anşlaq. Ora 1200 nəfər tutur. Həmçinin digər tədbirlərdə, filarmoniyanın və konservatoriyanın salonlarında... Biz 2013-cü ildə Ulu öndərin yubileyi münasibətilə böyük, çox möhtəşəm elmi konfrans keçirdik. Onun materialları çap olundu, yayıldı. Kitabın adı “Vseqda vperedi efoxi”. Bu adda çap olundu, yayıldı. Kant şəhərində Ulu öndərin adına küçə açıldı. Heydər Əliyevin böyüklüyü bütün ölkədə təqdim olundu. Yəni müstəqil Azərbaycanın siyasəti, Qırğıstan, Mərkəzi Asiya, ümumiyyətlə, dünya ilə bağlı siyasətinin ölkəyə yayılması istiqamətində çox geniş işlər aparıldı. Ali təhsil müəssisələri arasında əlaqələr yaradıldı. Məsələn, Bakı Dövlət Universiteti ilə Bişkek Dövlət Universiteti arasında, bizim ADA Universiteti ilə Qırğızıstan Diplomatik Akademiyası, oranın Prezident Yanında İdarəetmə Akademiyası ilə bizim müvafiq akademiya və sair. İndi onların hamısını saymaq mümkün deyil. Sonra digər tədbirlər də keçirildi. Qırğızıstanın mədəniyyət naziri də, Opera və Balet Teatrının rəhbəri də mənə dedilər ki, biz sizə təşəkkür edirik ki, qapılarınızı açdınız, Sovetlər Birliyi dağılandan sonra bura unudulmuşdu. Bildirdi ki, sizin tədbirlərdən sonra artıq bizim tamaşalara da insanlar maraqla gəlir, elə bil ki, siz bizim teatrın da qapılarını açdınız. Təəssüf ki, bizim yaxın tariximizdə çox kədərli hadisələr, soyqırımlar olub. Məsələn, 20 Yanvar, 26 Fevral... Onlar hər il ən yüksək kateqoriyalı ünvanlarda və bütün ictimaiyyət nümayəndələrinin iştirakı ilə, Qırğızıstanın ən yüksək dövlət protokolu səviyyəsində keçirilirdi. Saydığım bu və digər tədbirlərə yalnız Bişkek şəhərinin əhalisi deyil, ətraf şəhərlərdən də gəlirdilər, bizim tədbirlərə baxırdılar. Oranın akademik teatrlarında Elçinin, Əli Əmirlinin əsərləri tamaşaya qoyuldu. Akademik Rus Dram Teatrında mənim də bir əsərim qoyuldu. Eyni zamanda qarşılıqlı olaraq Çingiz Aytmatovun yubileyi çox yüksək səviyyədə Azərbaycanda qeyd olundu. O vaxt orada qırğız dilində Azərbaycan ədəbiyyatına dair xeyli kitablar kitablar çap edildi. Məsələn, Hüseyn Cavidin seçilmiş əsərləri, külliyyatı nəşr edildi. Leyla Əliyevanın şeirlər kitabı çap olundu, çox yüksək səviyyədə qarşılandı. Hətta cənab Prezidentlə prezident Sooronbay Jeenbekov görüşəndə Qırğızıstanın prezidenti həmin kitabın ona çox yaxşı təsir eləməsi haqqında danışdı. Ondan sonra Hafiz Paşayevin “Bir səfirin manifesti” qırğız dilində çap oldu. Mənim kitabım qırğız dilində çap olundu və digər çoxsaylı kitablar. - Yəqin ki, bu işlər yalnız ədəbiyyatı, mədəniyyəti əhatə etməyib, eləmi? DAVAMI VAR... Geri qayıt |