Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur”
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur”Dünən, 14:02 |
![]() Bəşər Əsəd rejiminin Suriyada devrilməsindən və yeni keçid hökuməti – Əhməd əş-Saraa hökuməti qurulduqdan sonra İsrailin bu ölkəyə qarşı addımları sərtləşib. İsraildəki Benyamin Netanyahu hökuməti Suriyada normal dövlətin qurulmasında maraqlı olmadığını addımları ilə sübut edir. Belə ki, bir neçə gün əvvəl İsrail döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib. Hücum zamanı Suriya Prezidenti Əhməd əş-Şaraanın sarayının yaxınlığı hədəfə alınıb. İsrailin müdafiə naziri Israel Katz hücumun “mesaj” olduğunu bildirib. İsrail tərəfi Suriyada yaşayan druzların sıxışdırılması ittihamı ilə bu addımı atdığının mesajını verir. Ekspertlər isə hesab edirlər ki, məsələ tamamilə fərqlidir: İsrail normal, sivil hökumətin yaranmasında maraqlı deyil. Məlumdur ki, Suriyanəın keçid hökumətinə Türkiyə dəstək verir və Suriyanın dövlət quruculuğunda, normal dövlətin bərpasında iştirakçıdır. İsrailin bu addımları isə həm də Türkiyəyə qarşıdır. Məlumdur ki, İsrailin Suriyanın Dəməşq və Həma bölgələrinə hava zərbələri endirməsindən sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail təyyarələrinin qarşısını kəsib. Həmin vaxt Türkiyə mediasının yaydığı məlumata görə, İsrailin döyüş təyyarələri mayın 2-nə keçən gecə Dəməşq və Həma ətrafında 8 hədəfə hava zərbələri endirib. Yerli mənbələrin məlumatına görə, İsrailin hədəf aldığı yerlər arasında Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarının bazaları da olub. Qeyd edilib ki, həmin vaxt Türkiyə döyüş təyyarələri İsrail təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə patrul uçuşları həyata keçirib. F-16-ların öz elektron döyüş sistemlərindən istifadə edərək İsrail təyyarələrinə xəbərdarlıq siqnalları göndərdiyi və təyyarələr arasında qısa müddət ərzində radio əlaqəsinin qurulduğu iddia edilib. Bildirilib ki, hər iki tərəf qarşıdurmadan yayınmağa çalışıb. Amma analitiklər hesab edirlər ki, vəziyyət kritikləşsə iki dövlət arasında toqquşma qaçılmaz ola bilər. Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov İsrailin bu siyasətinin arxasında dayanan amillərə toxunub: - İsrail hesab edir ki, Suriyadakı indiki müvəqqəti hökumət dini radikallardan ibarətdir və İsrailə təhlükə yarada bilər. Amma İsrail hökumətinin məqsədi aydındır: onlar Suriyanı Livana çevirmək istəyirlər. İstəyirlər ki, oradakı qruplar bir-birlərini didsinlər, vahid hökumət olmasın və İsrail də nə vaxt, necə istəyirsə, Suriyaya müdaxilə edə bilsin. Məsələ bu qədər sadədir. Baxın, israilli analitiklər də bildirirlər ki, onlar Netanyahu hökumətinin addımlarını anlamırlar. Hər halda, Suriya 20 milyon əhalisi olan və ərazisi İsraildən 2-3 dəfə böyük dövlətdir. Eyni zamanda, Suriyanın dövlətçilik ənənəsi İsraildən qat-qat böyükdür. Suriyanın bu bataqlıqdan çıxa bilməyəcəyini, bu vəziyyətdə saxlamağın mümkün olacağını düşünmək yanlışdır. İsrailin bu günkü addımları elə bir nifrət yarada bilər ki, sonra münasibətləri heç qaydaya salmaq mümkün olmaz. Halbuki Suriyadakı keçid hökumət – Şaraa hökuməti qonşu ölkələrlə münasibətlərin yaxşı olmasında maraqlı olduqlarını bəyan edib. - İsrailin Suriyada Türkiyənin roluna qıcıqla yanaşmasının səbəbi nədir? - İsrail gözəl anlayır ki, müsəlman ölkələri içərisində işlək demokratiya, sivil dövlət quruluşu Türkiyədə mövcuddur. Türkiyənin Suriyada davamlı dövlət qurulmasına kömək etməsi İsraili qıcıqlandırır. Əslində isə İsrail bunu fürsət kimi qəbul etməlidir. Düşünürəm ki, bu məsələlər diplomatik yolla, masa arxasında həllini tapmalıdır. - Fürsət dedikdə nəyi nəzərdə tutursunuz? - Suriyada qruplaşmalar olsa, bunun İsrailə ziyanı var. Amma normal dövlət formalaşdıqda onlarla məsələləri müzakirə etmək olar, problemləri yoluna qoymaq olar. Sadəcə Netanyahu hökuməti həm dini radikallardan asılıdır, həm də qatı millətçi qüvvələrdən. Netanyahu bir az yumşaq siyasət həyata keçirəndə həmin radikallar və qatı millətçilər ona ultimatum verirlər ki, koalisiya hökumətini tərk edəcəklər. Bu zaman Netanyahu Baş nazirlik kürsüsündən getməlidir. Vəzifədən getsə isə onu məhkəmə gözləyir. Ona görə də Netanyahu radikallara qoşularaq nə qədər getmək imkanı varsa, getməyə çalışır. Halbuki bu vəziyyətdən xeyirləri üçün yararlana bilərlər. Baxın, İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur. Bu, qeyri-mümkündür. Türkiyə səbir göstərirsə, bu o demək deyil ki, elə belə də qalacaq. Ankaranın səbri daşa bilər. Türkiyənin səbri daşanda isə İsrail üçün fəlakətli nəticələr olacaq. Eyni zamanda, İsraildən zəhləsi gedən ərəb dövlətlərinin kənarda qalmayacağı da aydındır. Ona görə də, hesab edirəm ki, İsrail Suriya ilə bağlı siyasətində nə qədər gec deyil, korrektələr etməlidir. Bunu İsrail daxilində də deyirlər. İsrailin daxilində də xeyli qüvvə var ki, Netanyahunun siyasi kursunu avantüristlik sayırlar və bu mövqeyə etiraz edirlər. Həmin qüvvələrin aktivləşməsi də prosesdə xeyli dönüş yarada bilər. Geri qayıt |