Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan
Əsas Səhifə > Güney Press > Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan

Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan


Bu gün, 15:02
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan
İndi sizə təqdim edəcəyim həmsöhbətim haqqında ilk yazıları 1998-ci ildə yazmağa başlamışdım. O vaxt ölkədə ən yüksək tirajla çıxan “Panorama” qəzetində işləyirdim. Həmin illərdə daha çox kriminal mövzulu yazılar yazır və ya araşdırmalar aparırdım. Bir gün qəzetimizin redaktoru Araz Zeynalov (Ruhu şad olsun!) məni çağırıb dedi ki, deyirlər, DİN-in İstintaq İdarəsinin rəisi polkovnik Nizami Qocayev Ziya Bünyadovu öldürməkdə şübhəli bilinir. Onunla görüşə bilsən, əla olar.
DİN İstintaq idarəsi ilə əlaqə saxlayıb, rəislə görüşmək istədiyimi dedim. Görüş təyin olunan gün və saatda nazirlikdə oldum. Polkovnik Nizami Qocayevə özümü təqdim edəndən sonra ilk sualım belə oldu: “Siz Ziya Bünyadovu öldürmüsünüz?..”
Verdiyimi sualdan diksinmədi, gülümsəyərək dedi ki, istəyirsinizsə, araşdırın. Sualımın cavabı o vaxt qəzetimizdə manşetdə getdi. Sonra nələr baş verdi?.. Bunları bilmək istəyirsinizsə, martın 1-i 70 yaşı tamam olan ləyaqətli dostum Nizami Qocayevlə müsahibəm yəqin ki, sizin üçün maraqlı olacaq.
- Nizami müəllim, əslində, bilmirəm, söhbətimizi haradan başlayaq? Ömrünüzün ən çiçəklənən dövründə başınıza gələn qəzavü-qədər bizi rastlaşdırdı. O gündən etibarən adınız harada çəkildisə, haqqınızda harada söhbət düşdüsə, “Kişi oğludur, mərd adamdır, doğru insandır!” - dedilər. Görüb-götürdüyümdən, təcrübədən bilirəm ki, adətən, insanın məninə və xasiyyətinə çalarlar əsildən-kökdən vurulur. İrəvanda sadə bir kəndli, zəhmətkeş ailəsində doğuldunuz. İstəyirəm ki, söhbətimizin körpüsünü o zəhmətkeş ailədən salaq.
- Əslimiz Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Salah kəndindəndir. Atam Mehralı Qocayev Polad kəndində, anam Gözəl Mərdanova isə Göyərçinli kəndində doğulublar. 5 qardaş, 1 bacı olmuşuq. Atam bəy nəslindən idi. Valideynlərimizin hər ikisi zəhmətkeş idi. Övladlarını öz halal zəhmətləri, alın tərləri ilə böyüdüb boya-başa çatdırdılar, ev-eşik sahibi etdilər. Atamın alın təri ilə qazandığı halal çörəyi ilə altı uşağın hamısı ali təhsil aldı. Məndən böyük qardaşlarım Eldar və Niftalı alim oldular, elmlər doktoru rütbəsinə qədər yüksəldilər. Anam məni həkim görmək istəyirdi. Ancaq nəslimizdə hüquq-mühafizə orqanlarında çalışmaq istəyən ilk gənc mən oldum. Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə qəbul olunduğumu deyəndə, atamın mənə ilk tapşırığı bu oldu: “Oğul bizim nəsil çörəyə dəyən olmayıb. Sən də haqqın tərəzisini əyilməyə qoyma. Hər zaman insanlara qarşı ədalətli davran. Səndən başqa hərəkət də gözləmirəm”. O gün-bu gün, rəhmətlik atam Mehralı kişinin dedikləri həyatımın proqramı oldu. Universiteti bitirdikdən sonra ilk təyinat yerim Sumqayıt şəhəri oldu. Orada müstəntiq kimi fəaliyyətə başladım. Sonra Mingəçvirdə, Yevlaxda, Bakıda işlədim və DİN-in İstintaq İdarəsində rəis vəzifəsinə qədər yüksəldim. Xalqıma ləyaqətlə xidmət etdim, çalışdım ki, atamın nəsihətini pozmayım.
- Nizami müəllim, ömrün bu yaşına qədər insanların yaddaşında xoş xatirələrlə yaşamaq, yaxşı insan kimi qalmağın düsturu nədir?
- İnsanın əslində yaxşı cəhətləri də, pis cəhətləri də ailədən gəlir. Atamın-anamın süfrəsini hər zaman duz-çörəkli gördüm, yıxılana əl tutdular, gücləri çatan qədər ac qarınları doyurdular, yaxşılıq etdilər. İnsan gərək gördüyü hər bir işdə, atdığı hər bir addımda, verdiyi hər bir qərarda obyektivliyi qoruyub saxlaya bilsin. Tərəzinin gözünü əyməsin, bir dəfə tərəzinin gözü əyildimi, həmişə əyri vuracaq.
- Ancaq sizə qarşı tərəzinin gözünü yaman əydilər... Sizinlə bağlı acılı xatirələri vərəqləmək istəyirəm... Azərbaycanın keşməkeşli illərində siz vəzifə başında idiniz. Düşmən ermənilər torpaqlarımızı işğal edəndə Mingəçevir Şəhər Polis İdarəsində istintaq idarəsinin rəisi idiniz. Bildiyim qədərilə idarə rəisi kimi həm də cəbhə bölgələrinə gedir, komandirlərlə müşavirələr keçirirdiniz. Hətta əsgərlərə əyin-baş alıb verirdiniz...
- 1988-ci ildə Qərbi Azərbaycandan köçkünlük başlayandan sonra dədə-baba torpaqlarımızdan zorla qovulan insanlarımızın bir hissəsi də Mingəçevir şəhərinə sığındı. O vaxtlar çox acınaqcaqlı vəziyyət idi. Ölkədə pərakəndəlik hökm sürürdü. Bir tərəfdən də evlərindən didərgin düşmüş insanların axını, əzizləri qətlə yetirilənlər, əzilən, hüquqları tapdanan insanlar... Yurdlarını qoyub gələnlər asi düşmüşdülər. Hər zaman onların yanında oldum, işə düzəlmələrində, mənzillə təmin olunmalarında yaxından iştirak etdim. İnsanlar soyuq bir qış günü yurd-yuvalarından didərgin düşmüşdülər, həyatları viran, darmadağın olmuşdu. Çox çətin vəziyyət idi. Mən o zaman didərgin gələn insanların qarşısına çıxdım, onları sakitləşdirməyə çalışdım ki, Mingəçevir şəhərindəki ermənilərə ziyan yetirməsinlər. Yaşadıqları ərazilərə gedib profilaktik söhbətlər apardım ki, vətəndaşlara toxunmasınlar. Hamısı məni anlayışla qarşıladı. Bəzi evlərə hücum faktları oldu, lakin bir dənə də olsun, ölüm faktı qeydə alınmadı. Sonra Qarabağ ətrafında baş verən hadisələr, ərazilərimizin işğalı başladı. Biz də polis işçisi kimi Vətəni müdafiə edənlərin yanında olmağa çalışır, onlara dəstək dururduq. O vaxt daxili işlər nazirinin əmri ilə müharibədə polis əməkdaşları da iştirak edirdi. Həmin ərazilərdə də əmin-amanlıq yaratmağa çalışdıq. İlk şəhidimiz də polis sıralarından oldu. Vətənin müdafiəsində polislərimiz də şücaətlə, qeyrətlə dayandılar. Bizim polislər əsasən, Ağdam rayonu ərazisində xidmətdə idilər. 15 gündən bir 45 nəfər xidmətə gedirdi.
- Bildiyimə görə, sizin cəbhə bölgəsindəki fəaliyyətiniz, uğurlarınız haqqında xəbərlər ölkə Prezidenti Heydər Əliyevə çatır. Sizin xidmətinizdən ona danışılır. Mərhum Heydər Əliyevə təltif siyahısı veriləndə, adınızı görməyib, siyahıya özü əlavə edir və siz "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunursunuz... Yanlış xatırlamıram ki?!
-1994-cü ilin oktyabr ayının 3-dən 4-nə keçən gecə Surət Hüseynovun Gəncə şəhərində başladığı qiyamla əlaqədar Mingəçevir şəhərində də dövlət çevrilişinə cəhdlər oldu. Həmin vaxt mən Mingəçevir şəhəri Polis İdarəsinin rəisi idim. Qiyama cəhd edən keçmiş hərbçilərin və polis rəislərinin həbsinə nail oldum. Çevriliş cəhdinin qarşısını qətiyyətlə aldığım üçün 1995-ci ilin dekabr ayında Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olundum. Həmin mükafatın verilməsi mənim üçün gözlənilməz oldu. Bu mükafatdan bir qədər sonra Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinə rəis təyin olundum.
- Harada və hansı vəzifələrdə çalışmağınızdan asılı olmayaraq, hər zaman əməkdaşlarınızı da qorudunuz. Bu gün sizinlə görüşə gələrkən, Səbail rayonunda müstəntiq işləmiş bir keçmiş əməkdaşınız dedi ki, mütləq mənim salamımı o böyük kişiyə çatdırın, o, heç vaxt müstəntiqinə qarşı riyakarlıq etmədi, bizi idarə rəislərinin ayağına vermədi, həmişə qarışıq məsələlərdə hər iki tərəfi dinləyib qərar qəbul etdi, haqqın tərəfində oldu. Uzun müddət polis orqanlarında çalışıb yaddaşlarda bu cür qalmağa necə nail oldunuz?
- İşlədiyim müddətdə hər zaman obyektivliyi qorumağa çalışdım. Tabeçiliyimdə olan istənilən əməkdaşla bağlı sual, problem ortaya çıxanda, əvvəlcə özümü onun yerinə qoyub sonra qərar çıxarmışam. Ələlxüsus da, əməkdaşlarıma çox mehriban münasibət bəsləmişəm. Çalışmışam ki, məişət qayğıları, problemləri olmasın. İmkan verməmişəm ki, kimsə onları əzsin. Özüm 16 il müstəntiq işləmişəm. Ona görə də respublikanın harasında olmasından asılı olmayaraq, layiqli əməkdaşlara çox qayğı ilə, hörmətlə yanaşmışam. Həm də ki, ədalətli qərar verənlərin yanında olmuşam. Həm vətəndaşa, həm əməkdaşa qarşı mülayim olmuşam. Harada qabiliyyətli, savadlı müstəntiq varsa, ona şərait yaratmışam ki, öz bacarığını, biliyini göstərə bilsin. İstintaq elə bir mərhələdir ki, cinayəti obyektiv araşdırılmasan, qanunu düzgün tövsif etməsən, vətəndaşın hüququnu pozmuş olursan. Birincisi, bu insanlar bizim vətəndaşlarımızdır, ikincisi, onların da ümid yeri olan insanlar var. Onları ədalətsiz həbs etmək, cəza vermək qətiyyən olmaz. Əsl hüquqda və istintaqda bu, yolverilməzdir. Ümumiyyətlə, 3 il ərzində DİN-in İstintaq İdarəsində rəhbər işlədiyim dövrdə çalışmışam ki, bir müstəntiq də cəza almasın. Özüm istintaqa qədər bunun qarşısını alıb, obyektiv istintaq aparılmasını təmin edib, birbaşa iştirak etmişəm. Eyni zamanda onları prokurorların, hakimlərin hücumlarından da müdafiə etmişəm.
O zaman keçid dövrü idi. Biz vətəndaşın hüquq və mənafeyini müdafiə edirdik. Çalışırdıq ki, əsassız yerə bir adam da tutulmasın, cəza çəkməsin. "OMON işi" ilə bağlı istintaq aparan 16 nəfər müstəntiqin cəzalandırılması barədə əmri mənə təqdim edərkən, onunla razılaşmadım və nazir Ramil Usubova müraciət edərək, bu əmrin əsassız və qərəzli verildiyini bildirdim. O məni dinlədikdən, əlimizdəki sənədləri araşdırandan sonra, həqiqətən də məsələnin qərəzli şəkildə Bakı Şəhəri Baş Polis İdarəsinin istintaq idarəsinin keçmiş rəisi Adil İsmayılovun tərəfindən təşkil edildiyini bildi və əmri imzalamaqdan imtina etdi.
- Nizami müəllim, aspiranturada oxuyanda yazdığınız monoqrafiyalardan birinin adı “Cinayət hüququnda ədalət prinsipi” idi. Özünüz hansı ədalətsizliklərlə üzləşdiniz?
- Başıma gələn hadisələr zamanı gördüm ki, nə qədər ədalətsizliklər var imiş... Sifarişli cinayətlərə yol vermək olmaz. Həm də dövlət məmurlarının haqsızlıqları vətəndaşlar tərəfindən çox pis qarşılanır. Dövlətdən narzılıq baş verir. Mənə heç kim sifariş verməyib ki, bu adamı tut, ya burax. Mən belə düşünürəm ki, bu sifarişləri çox vaxt ancaq vəzifəli şəxslər verir və onların ucbatından müstəntiq, hakim, prokuror savadlı olmayanda çox böyük səhvlərə yol verir. Hər bir polis, prokurorluq əməkdaşı özünü həmin vətəndaşın yerinə qoymalıdır. Səhvsiz, nöqsansız insan yoxdur. Bəli, cinayəti olan insanlar da var. Lakin bu işi elə görmək lazımdır ki, cəza düzgün təyin edilsin.
- İndi hamı üçün maraqlı olacaq həmin məqama gələk. Siz niyə həbs olundunuz?
- Siz mənim yanıma gəldiniz, soruşdunuiz ki, Ziya Bünyadovu öldürmüsünüzmü? 1998-ci ilin axırları idi. Mən də sizə dedim ki, xanım, siz özünüz müstəqil araşdırma apara bilərsiniz?!
- Mən də müstəqil araşdırmaya başladım. Mart ayının 11-də sizin həbs xəbəriniz yayıldı. Dedilər ki, sizi öz otağınızdan aparıblar...
- O hadisə belə olmuşdu: Mən həmin axşam rəhmətlik qardaşım Eldar müəllimgildə idim. Şam süfrəsi ətrafında oturub, çörək yeyirdik. Daxili İşlər Naziliyindən evimizə zəng edib məni soruşublar. Deyiblər ki, axşam saat 10-da nazir Ramil Usubovun qəbulunda olmalıyam. Dedilər ki, nazirin kabinetində iclas var, siz də keçin. Bundan əvvəl Ziya Bünyadovun ölümü ilə əlaqədar söz-söhbət gəzirdi ki, prokurorluqda mənim barəmdə cinayət işi başlayıblar. O dövrdə Eldar Həsənov Baş prokuror idi.
İclasda oturdum. Baxdım ki, mənasız bir toplantıdır. Hamı getdi. Daxili işlər nazirinin müavini Oruc Zalov qaldı. Bir də mənim qalmağımı istədilər. Bu zaman Ramil Usubov dedi ki, o qərarı gətirin. Qərarda yazılmışdı ki, guya, Balıq zavodunun direktoru Ənvər Mustafayevə qarşı sui-qəsd təşkil etmişəm. İki kəlmədən ibarət bir qərar. Dedim ki, cənab nazir, bu, absurddur axı. Məni dindirməyiblər, izahat da almayıblar. Qanunla cinayət işi başlanmamışdan əvvəl izahat alırlar ki, filankəs belə bir ərizə yazıb, ya belə bir məlumat, fakt daxil olub. Sübutları toplayırlar ki, belə bir cinayət baş verib. Dedim ki, axı heç bir sübut yoxdur. Bunlar məndən heç nə soruşmayıblar. İstintaq aparmayıblar. Bu, necə ola bilər? Nazir dedi ki, bizim sənə böyük hörmətimiz var. Evinizə gəlmədik ki, uşaqlar narahat olmasınlar. Yolda qarşılamadıq ki, sən özün başqa cür başa düşməyəsən. Qərar var, həbs olunmalısan. Dedim, qərar qəbul olunmazdan əvvəl o qərarı baş prokurorun sifarişi ilə hazırlayan, saxtakarlıq edən Nazim Allahverdiyev, Azər Vahabzadə üzə çıxmadı axı...
Sonrakı ittihamlardan biri də Yevlax şəhərində işləyərkən inzibati xəta törədən bir şəxsdən 1500 dollar rüşvət almağım barədə idi. Digəri isə Mingəçevir şəhərində istintaqı gedən bir nəfərdən 5 min dollar almağım barədə ittiham idi. Rəhmətlik Heydər Əliyev cinayət işi üzrə həmin ittihamı oxuyanda demişdi ki, bu nə gülünc ittihamdır vermisiniz?
- Sonra mən də bu cinayət işini araşdıranda həmin adamlarla görüşmüşdüm. Yadımdadır, onlardan biri deyəsən, Yaşar Sultanov idi. Yevlax sakini mənə videomüsahibəsində demişdi ki, Azər Vahabzadə məni məcbur etdi. Sizin barənizdə hazırladığımız o filmin bir surətini də sizə vermişik...
- Aida xanım, siz həmin cinayət işini sona qədər araşdırdınız, hətta məhkəmə zalından da reportajları sona qədər yayımladınız. O film hələ də arxivimdədir...
- Təbii ki, həqiqəti də yazmağa vicdan lazımdır. İnsan gərək başının üstündə Tanrısını unutmasın. İstər istintaqçı, istər jurnalist olsun, haqqı-ədaləti əymək olmaz. Qələm doğrunu yaza bilməyənə əvvəl-axır qənim olur. Mən Allahdan, Tanrıdan qorxuram. Mənim də atamı yaxşı tanıyırdınız. Həbsdən azad olandan sonra bizə gələndə tanış olmuşdunuz. O da mənə demişdi ki, qələmini qoru, qələmə xəyanət etmə...
- Sizin atanız, böyük, saf kişi idi. Ananız nəcabətli bir xanım idi. Ruhları şad olsun.
- O vaxt "Panorama" qəzetində rəhmətlik Araz Zeynalov, Space TV-də Eldar Namazov bizə meydan vermişdi ki, həqiqətləri yazaq və deyək. Rəhmətlik Heydər Əliyev də o qəzetə inanırdı. Ulu Öndər mənim yazılarımı xüsusilə izləyirdi. Bizim qələmimizə inanırdı. Mən evdə balaca qızımı qoyub günlərlə Mingəçevir, Ağdaş, Yevlax rayonlarında gəzirdim, qapıları döyürdüm. Cinayət işində adı keçənlərlə danışırdım, görüşürdüm. Eləsi vardı ki, qorxurdu, heç nə danışmırdı. İçərilərində danışanları da oldu...
- Ancaq bəzi qəzetlər də prokurorluqdan göndərilən yazıları, məqalələri verirdi. Mən türmədən çıxandan sonra o yazılara imza atanlar, yazanlar qapıma gəldilər, dedilər ki, onları bağışlayım. Hətta bu cinayətkar qrupun və Alik Məmmədovun bir vəkili var idi, Esmira adında. Mən türmədən çıxandan sonra o həyat yoldaşı ilə gəlib, özü dedi ki, onu belə işləməyə məcbur ediblər.
- Hə, yadımadır o vəkil... Mənə də düşmən kimi baxırdı.
Nizami müəllim, siz məhkəmə boyu bir dəfə də özünüzü sındırmadınız. Hər zaman qəddinizi şax tutdunuz. İttihamlara boyun əymədiniz. Siz o vaxt Ulu Öndərə məktubla müraciət etdiniz. O məktubun bir surəti hələ də məndə qalır. Çox sanballı və səbatlı bir məktub idi.
- Axı mən cinayət etməmişdim ki, ittihamı qəbul edim. Ulu Öndərə məktubum çatandan sonra vəziyyət dəyişdi. Dövlət və dövlətçilik haqqında yazmışdım. Demişdim ki, cinayət etmərəm. Allah ona rəhmət eləsin. Sonra əfv üçün ərizə yazdım. Azad olunandan sonra isə məhkəmə qaydasında mənə verilən ittihamların hamısını üstümdən götürdülər. Bəraət aldım. Bilirsiniz ki, Ulu Öndərin mənə verdiyi "Azərbaycan Bayrağı" ordeni də, polkovnik rütbəm də həbsdə olanda belə geri alınmamışdı. Lakin bir məsələ var ki, insana vurulan yara heç vaxt sağalmır. Mənim karyerama, həyatıma, ailəmə, uşaqlarımın həyatına böyük zərbə oldu. Bax o vaxt mənə atılan o böhtanlar, o zərbələrin yaraları sağlamlığımda özünü büruzə verdi.
- Həbsdən azad olunandan ya bir gün sonra, ya da həmin günü sizə gəldim. Sizdən Space TV üçün yenə müsahibə alırdım. O zaman qohumlarınızın da yanında dedim. Jurnalistlər arasında belə söhbət yaymışdılar ki, Qocayevlər ailəsi Aida Eyvazlıya "Gənclik"də üçotaqlı ev alıb. Evinizdə olan bir xanım qayıdıb dedi ki, sən həqiqəti yazmısan, şər-böhtan yazmırdın ki? Bu, sənin borcun idi. Əslində ədalət qarşısında borcum idi. Lakin özünüz də bilirsiniz ki, bir çox hallarda öz mənfəətlərini güdən qəzetlər, yazarlar az deyil. Ancaq mən sizin kimi dost qazandım. O vaxt “Ədalət” qəzeti ilə bizim qəzetimiz eyni mərtəbədə yerləşirdi. Bir gün Aqil Abbas mənə dedi ki, Aida, halal olsun sənə, sən Nizami kimi bir dost qazandın...
- Siz elə böyük işlər görmüşdünüz ki... Heç bir maraq güdmədiniz. İlk gündən məqsədiniz haqqı-ədaləti xalqa çatdırmaq oldu. Respublikanın Baş prokuroru Eldar Həsənov və Milli Təhlükəsizlik naziri Namiq Abbasov məni qəbul etdi. Dedim ki, siz mənimlə bağlı heç bir cinayət faktı tapmadınız, hamısı saxta ittihamlar idi. Uyğun gələn heç nə yox idi. O görüşün də bir faydası olmadı. Şahidlərlə üzləşmədə guya 5 min pul aldığım şəxs dedi ki, mənim oğlum avtoqəza etmişdi, Azər Vahabzadənin otağında mənə dedilər ki, sən Nizami Qocayevin üzünə dur, sənin oğlunun işini qurtaraq. Mingəçevirdə İbrahim Bağırov adlı bir polis rəisi var idi. Özü hər gün Alikdən pul alıb saxlama yerindən buraxırdı. İstintaqa yalandan ifadə verərək demişdi ki, guya mən ona göstəriş vermişəm. Belə şər-böhtanlar insanın mənəviyyatına, sağlamlığına çox pis təsir edir. İnsanın həyatını korlayır.
- Türmədə hər paqonlu yaxşı qarşılanmır. Oralarda ab-hava necə idi?
- 6 saylı islah əmək düşərgəsində o vaxt 1550-dən artıq dustaq var idi. Hətta barələrində qərar və ittiham imzaladığım məhbuslar da gəlib görüşürdülər. Aramızda mehriban və səmimi münasibət var idi. Ədalətsiz iş aparmamışam. Heç kimi yalandan tutmamışam. İnsanın gərək vicdanı olsun. Hamısına ərizə yazmağa, vəkil tutmağa təmənnasız kömək edirdim. Əllərindəki hökmləri alıb baxırdım. Eləsi var idi ki, düzgün tutulmamışdı. Cəza vaxtı da bitmişdi. Onların sənədlərinə köməklik etdim. Nə qədər dustaq köməkliyimlə azadlığa çıxdı.
- Nizami müəllim, martın 1-də dünyaya gəlmisiniz. Və çox maraqlıdır ki, dünyaya gəldiyiniz bu ayın müxtəlif tarixlərində taleyinizə çox güclü zərbələr dəyib. 1999-cu il martın 11-də dediyiniz kimi, saxta ittihamlarla həbs olunmusunuz. Sonra 2000-ci ildə mart ayının 9-da 10 il azadlıqdan məhrum edilməniz haqqında hökm oxunub. 2002-ci il mart ayının 13-də isə barənizdə əfv fərmanı imzalanıb.
- Aida xanım, bilirsiniz, bu bir tale, alın yazısıdır. Tanrının işinə qarışa bilmərik. Ən yaxşısı odur ki, mən o çətin günlərdə sınmadım, Vətənin də, dostların da, ailənin də, vicdanımın da sınağından alnıaçıq, üzüağ çıxdım.
- Bəraət alandan sonra əvvəlcə Qaradağ rayonunda rəis maüvini işlədiniz. Bir az keçəndən sonra onu İsmayıllı rayonuna polis rəisi təyin olundunuz. Bu rayonda da öz xarakterinizə uyğun işlədiniz. Rayon adamlarının - fəhləsinin də, qocasının da, cavanının da, məmurunun da hörmətini qazandınız. 2013-cü ildə isə İsmayıllı rayonunda iğtişaşlar baş verdi. Onun da qarşısını siz aldınız. Buna necə nail oldunuz?
- Bəli, 23 yanvar 2013-cü ildə İsmayıllıda iğtişaşlar yarandı. O hadisələr xalq tərəfindən deyil, dövlətin içərisində olan bəzi ləyaqətsiz məmurlar tərəfindən təşkil olunmuşdu. İnsanları yanıldanlar var idi. Sonra gördüm ki, hadisə əndazədən çıxır. Nazirə xəbər verdim, qüvvə göndərdilər. Hadisənin qarşısını şəxsən özüm aldım. Rayondakı rəhbər şəxslərdən heç kim onların qarşısına çıxa bilmədi. Mən çıxıb dedim ki, siz dövlətə qarşı çıxırsınız, əhalini narahat edirsiniz. Dövlətin, Vətənin xatirinə, belə etməyin, siz qanunu pozursunuz, sözümü eşidib, evlərinə dağılışdılar. Orada oteli yandıranlar cəzasını aldılar. İnzibati formada cəza alanlar da oldu.
- Nizami müəllim, uzun illər polis sistemində çalışan bir şəxs kimi necə düşünürsüz, bu sahədə hansı islahatlara ehtiyac var?
- İlk növbədə polis işçilərinin əmək haqqı artırılmalıdır. İnflyasiya şəraitində əmək haqqı yüksəlməyəndə insanın həyatı, rifahı çətinləşir. Dövlətimiz üçün əmək haqqını artırmaq asandır. Polisin gördüyü işin müqabilində əmək haqqını çox yüksək səviyyədə artırmaq lazımdır. Bunu gecikdirmək olmaz. Polislər yağışda, qarda bütün günü xidmətdədir. Ona görə də xaric olanların sayı çoxdur. Təqaüdə çıxanda da təqaüdü ailə dolandırmağa çatmır. Dərmanlar, həyat bahalaşır. Vətəndaşın həyat tərzi yaxşılaşmalıdır. Çox yaxşıdır ki, bir tərəfdən polisə işləmək üçün gəlirlər, lakin pisdir ki, bir tərəfdən də bu sahəni tərk edirlər. Hazırda Polis Akademiyasında dərslər yüksək səviyyədə keçirilsə də, müdavimləri, dinləyici kimi kurs keçənləri jandarma çevirirlər. Bizə jandarm deyil, gələcəyimiz üçün savadlı polislər lazımdır. Polis pisi- yaxşıdan seçməyi bacarmalı, cinayətkarla cinayət etməyəni ayırd etməlidir. Bütün günü addım döyməməlidir, cinayət prossesual hüququ öyrənməlidir. Polis zabiti və ya nəfəri post patrul xidməti işçisi deyil, müstəntiqdir. Bunu unutmaq olmaz. Ölkədə kibercinayətkarlıq yayılıb. Bunun qarşısını almaq üçün bizə savadlı, texnikadan başı çıxan polislər lazımdır. Bir də ki, bu qədər ki, cərimələr çoxalıb, o cərimələrin 80 faizini polisin əmək haqqına yönəltmək olar. Lakin vətəndaşı da hər addımda cərimələmək yaxşı deyil. Yeri gəldi-gəlmədi cərimələri qüvvəyə mindirmək vətəndaşı asi edir. Bir baxın deputatlar nə qədər maaş alır? Deputatın biri bir həftədə polisin bir gün içərisində gördüyün işin yarısını görmür bəlkə də...
- Nizami müəllim, narkotiklərin bu qədər yayılması yəqin ki, bir polis zabiti kimi sizi də narahat etməmiş deyil.
- Bu barədə xəbərləri tez-tez eşidirəm. Narkotiklərlə bağlı vəziyyət çox pisdir. Eyni zamanda son dövrlərdə dələduzluq cinayətləri artıb. Buna da obyektiv yanaşmaq lazımdır. Dövlətimizin qanunları var. Bu qanunların aliliyinə hörmət etmək lazımdır. Hər hansı bir vətəndaşın və ya məmurun sözü ilə kimisə qərəzli şəkildə ləkələmək olmaz. Belə hallar da olur. Bu gün narkotik satan adamı polis həbs edir, bir az sonra məhkəmələr bunları açıb buraxır. Bunun hamısını bəlkə də məhkəmənin boynuna yıxmaq olmaz. Ola bilər, məhkəmələr yüngül cəzalar verirlər. Ancaq narkotikin mənbəyini tapmasan, onu gətirənin yolunu kəsməsən, bu bəlanın qarşısını almaq qeyri-mümkündür. Mənim işlədiyim vaxtda belə hallar olurdu. O vaxt bu qədər çox deyildi. İndi xaricdən daxilolmalar artıb. İstintaqçının, müstəntiqin inadından çox şey asılıdır. Polis də mübarizə aparır. Lakin mən deyə bilmərəm ki, onun tam qarşısını almaq üçün tədbirlər kifayət qədərdir.
- Nizami müəllim, bir az dostlarınızdan danışmağınızı istərdim. Ətrafınızda dostlarınız yenə də çoxdurmu?
- Bilirsiniz, vəzifə başında qazanılan dostlar hər vaxt dost ola bilmir. Vəzifədə olduğun müddətdə dostdur. İnsanın ən yaxın dostu doğmalarıdır, ailəsidir ki, həm yaxşı, həm də dar günündə yanındadır. Mənim ən əziz dostum vəkil Adil İsmayılov idi. Ondan mərdini görmədim. Allah rəhmət eləsin. Mən, Nazim Qafarov və Adil İsmayılov birlikdə universitetə hazırlaşmışıq, birlikdə hüquq fakültəsinə qəbul olmuşduq. Adil çox bilikli və savadlı oğlan idi. O məktəbə 6 yaşında getmişdi. Orta məktəbi qızıl medalla, hüquq fakültəsini qırmızı diplomla bitirmişdi.
- Adil müəllim siz həbs olunanda vəkiliniz idi. Çox əziyyət çəkdi. Lakin təmkinini heç vaxt pozmadı... Onun itkisini hər gün hiss edirəm.
- Karona onu bir göz qırpımında apardı aramızdan. Adillə mən qardaş kimi olmuşuq. O da sizin kimi çox prinsipal adam idi. Barəmdə ittiham irəli sürüləndən sonra bir dəfə mənə dedi ki, “Sən nə təhər işləmisənsə, bir dənə də olsun, cinayətini tapa bilmirlər. Yəni sən heç rüşvət almamısan?! Özünə güvən, bunlar olmayan cinayəti axıra qədər sənin üstünə tikə bilməyəcəklər”.
- Bu gün ölkədə Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı müzakirələr aparılır, tədbirlər görülür, müxtəlif addımlar atılırr. Qərbi Azərbaycan həm də sizin yurd yerinizdir. Bu gün o yurdun bir insanı kimi hansı hissləri keçirirsiniz...
- Mən cənab Prezidentə çox təşəkkür edirəm ki, bu məsələni zamanında qaldırdı. Yəni əvvəllər qaldırsaydı, bu doğru siyasət olmayacaqdı, müxalətimiz var, bizi istəməyən dövlətlər var. Deyəcəkdilər ki, əvvəl Qarabağı al, sonra Zəngəzurdan danış. Biz bu məqsədə çatmazdan əvvəl, Qarabağı, gedən yurdları qaytarmalıydıq. İndi bu Zəngəzur dəhlizinin qaldırılması məsələsi şərəf məsələsidir. Bu hər bir Qərbi azərbaycanlının illərlə gözlədiyi arzusudur. O yurdlardan 1948, 1988-ci ildə tələsik çıxan elə adamlar var ki, gələndə yaşadıqları evlərin açarlarını gətiriblər ki, bir də geri qayıdacaqlar. Hər bir insan üçün doğulduğu yer Vətəndir. Uşağlığım, gəncliyimin ilki orada keçib. 18 yaşıma qədər orada yaşamışam. 1988-ci ilə qədər hər yay getdiyim oylağım, kəndim idi. Mənim üçün cənnətin özü İcevandır, Salahdır, Göyərçinlər kəndidir. Ömrümün gözəl hissəsi orada keçib. Suyunun, meşəsinin, yağışının, qarının, çiçəyinin, çörəyinin ətrinin həsrətini çəkirik. Yadımdadır, polis işçiləri ilə bir yerə yığışanda öz aramızda deyərdik ki, Qarabağ alınacaq. Ətafdakı polis işçilərinin bəziləri Qarabağdakı yurd yerlərində işləyəcəklərini və ya polis rəisi olacaqlarını xəyal edirdilər. Mən isə deyərdim ki, mən də İcevanda polis rəisi olacağam. Şükür arzularımızın böyük bir hissəsi yerinə yetdi. Qarabağ azad olundu. Çox arzu edirəm o yurdlara qayıtmağı. Narahat yuxularımda o yerlərdə gəzirəm. Əvvəl Zəngəzur dəhlizi açılsın, Naxçıvana gediş-gəliş bərpa olsun, sonra Göyçə mahalı, sonra Qaraqoyunlu dərəsinə yol alaq... O yurd yerləri bizim tarixi yurdumuzdur. Daş abidələrimiz, toponimlər hamısı bizimdir. Ermənistanın Ensklopediyasında da yazılıb ki, 500 il ərzində İrəvan şəhərinin bütün xan və məlikləri azərbaycanlı olub. Ermənilərin çoxsu öz söhbətlərində bunu təsdiq edirlər.
- Nizami müəllim, 70 yaşınızın hesabatını az da olsa, bu yazıma sığışdıra bildim. Son olaraq, daha nələri demək istərdiniz?
- Şükür Tanrıya, gözəl övladlar böyüdüb tərbiyə etmişəm. 3 övladımdan 7 nəvəm var. Üç nəvəm xaricdə oxuyur, biri Amerikada, biri Türkiyədə, biri də Macarıstanda. Arzu edək ki, dövlətimiz hər zaman firavan olsun. Doğrudur, hələ də korrupsiya da var, cinayət halları da var... Ancaq mən inanıram ki, yavaş-yavaş bunlar da aradan qalxacaq. Biz cənab Prezidentin ətrafılnda sıx birləşib, gözəl bir türk dövlətini qurmalıyıq. Prokurorluq, polis, orqanlarına demək olar ki, rüşvətsiz işə qəbul olunurlar. Bir də məhkəmələr, vergi sistemi, bir də Bakı Şəhərsalma Komitəsində də dəyişikliklər olsa, Azərbaycan cənnət olar.
P:S. Oxucum, bu müsahibədə polkovnik Nizami Qocayev həbs olunandan sonra, onun işini araşdıranda baş verən çox hadisələri yazmadım. Tanrı yol versə, nə vaxtsa o yazıları kitab etsəm, oxumaq istəyənlər, oxuyacaq yəqin ki... Sadəcə dünyanın bu qara, qarışıq vaxtında istədim ki, köhnə kişilərdən birini də tanıyasınız. 70 yaşınız qutlu olsun, Vətən oğlu!
Baku Post

Geri qayıt