Əsas Səhifə > Güney Press > "Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"

"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"


Dünən, 06:02
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
“Firəngiz Şərifova fevral ayında anadan olub, fevralda da dünyasını dəyişib. Mən onu, Yusif Vəliyevi teatrımızın son mogikanı sayıram. İndiyə qədər yadımdadır, biz onun son ad günündə də evinə getmişdik. Görüşdük, söhbətləşdik. Çox, həddindən çox arıqlamışdı. Mən onunla zarafat da edirdim. Mənim zarafatlarımı qəbul edirdi, heç vaxt incimirdi. Onun əlindən, üzündən öpdüm. Yanımda olan sənətkar dostlarımız Almaz Mustafayeva, Şəfəq Əliyeva mənə dedilər ki, incitmə də onu.. Dedim ki, yox, özü mənə deyib ki, sən məni öpsən sağalacam. Çöndü belə baxdı. Onun bir sözü var idi, “külü qoyum alnına”. Şakəri idi, hər sözü də deyirdi. Dedi ki, “boy, mən nə vaxt elə söz dedim? Külü qoyum alnına”. Güldüm, zarafata gülümsədi. Amma üzünü tutdu, üzünü açmırdı, çox arıqlamışdı. İstəmirdi üzünü göstərsin. Həddindən artıq baxımlı və möhtəşəm qadın olub”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yasin Qarayev deyib. O daha sonra əlavə edib:

“Firəngiz xanım faciə və dram əsərlərinin ilahəsi idi. Çox mehriban xanım idi. Cavanlarla oturub-dururdu, onları çox istəyirdi, istedadlı cavanlardan daha çox xoşu gəlirdi. Bizim söhbətlərə qulaq asmağı, lətifəni çox sevərdi. Hər dəfə yanıma gəlib deyirdi ki, Yasin, təzə nəyin var? Mən hardansa eşitdiyim lətifəni ona danışanda şaqqanaq çəkib gülürdü. Aktrisa kimi əvəzsiz, təkrarsız idi. Gözəl, məlahətli səsə malik idi. Vaxtilə Musiqili teatrda da işləyib. Onunla bir çox qastrollarda olmuşuq. Məsləhət etməyi var idi. Məsləhətə qulaq asmağı da var idi. Mənim yadımdadır ki, Əkrəm Əylislinin “Yazığam, sevmə məni” tamaşasında ona baş rol verilmişdi. O rolda əruz vəznindən, qəzəldən, şeiriyyatdan çox istifadə olunmalı idi. Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi. Bizdə Əlisəftər Quliyev adlı cavan oğlan var idi, o da bu tamaşada rol almışdı. Əlisəftərin yaxşı şeir yazmağı var idi, qəzəldən, əruz vəznindən anlayışlı idi. Firəngiz xanımı o tamaşaya elə hazırladı ki, hamı Firəngiz xanımın qəzəliyyatından, əruz vəznini necə bilməyindən danışırdı. Az bir müddətdə onu öyrədə bilmişdi. Bu cür xüsusiyyətləri var idi. Valideynlərinin adından heç vaxt sui-istifadə etməzdi, qürrələnməzdi ki, mən Abbas Mirzə Şərifzadənin, Mərziyyə Davudovanın övladıyam. Firəngiz xanım ən çox Yusif Vəliyevlə oynayırdı. Yusifi çox istəyirdi, ondan fəxrlə danışırdı. O yadımdadır ki, deyirdi, “Ədə, bu bilirsən necə roldur? Heç Abbas Mirzə də belə oynaya bilməzdi”. Atasının, anasının adını hansısa aktyorları göylərə qaldıranda misal çəkirdi. Özünü öymək xüsusiyyəti Firəngiz xanımda qətiyyən yox idi” deyə sənətkar bildirib.
Geri qayıt