Əsas Səhifə > Güney Press > Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU

Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU


19-02-2025, 15:14
Kürəkəninin cinayətini gizlətmək üçün onu şantaj etdi, ÖZÜ TUTULDU
Sumqayıtda iki nəfərdən hədə-qorxu ilə pul tələb edən şəxsə cinayət işi açılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ə.M. kürəkəni R.H. və onun dostu N.Ə.-dən hədə-qorxu ilə ümumilikdə 2050 manat pul alıb.

Məlumata əsasən, N.Ə. və dostu R.H. Sumqayıtda bir qadının yaşadığı mənzili qarət edərək, evdən 1500 manat, həmçinin qızıl-zinət əşyaları oğurlayıblar. Onlar uzun müddət bu hadisəni sirr olaraq saxlasalar da, R.H. günlərin birində törətdikləri əməli qaynı Ə.M.-ya danışıb. Ə.M. onların törətdikləri oğurluq əməli barədə tanıdığı polis əməkdaşının xəbəri olduğunu deyib.

O, oğurluğun üstün açılmaması üçün kürəkəni R.H. və dostu N.Ə.-dən 4000 manat pul istəyib. Əks halda isə onların bu əməli barədə ailə üzvlərinə məlumat verəcəyi, telekanallar və sosial şəbəkələrdə yaymaqla hədələyib. Bu səbəbdən dostlar ayrı-ayrı vaxtlarda ona cəmi 2050 manat pul veriblər. Geri qalan məbləği isə pulları olmadığı üçün verə bilməyiblər. Buna görə də, Ə.M. oğurluq hadisəsi barədə N.Ə.-nin anasına danışıb və ondan pul istəyib.

Lakin dostların hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə.M. saxlanılıb və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsilə cinayət işi başlanıb.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə onun haqqında polisin nəzarəti altında vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq davam edir.

Geri qayıt