Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press, Partiya > “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur”Dünən, 09:16 |
Bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı növbəti dəfə hücuma keçiblər. “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və onların yedək qurumları ard-arda bəyanatlar yayırlar. İnsan hüquqlarını pozmaqda suçlamalarında ən dəhşətli məqam ermənilərlə bağlıdır. “Human Rights Watch” təşkilatı antiterror əməliyyatından sonra ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsini ortaya atıb. Bu cür ittihamların arxasında nə dayanır? Bir mənası olacaqmı? Qeyd edək ki, Qərbi Azərbaycan İcması məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Özünü insan hüquqlarının müdafiəçisi adlandıran “Human Rights Watch” təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabat dərc edib. Hesabatın Azərbaycana dair hissəsində çoxsaylı böhtanlarla yanaşı ölkəmizdən köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır. Lakin, Ermənistana dair hissədə oradan qovulmuş azərbaycanlıların qayıdışı barədə bir kəlmə də olsun bəhs edilmir. Hesab edirik ki, bu, “Human Rights Watch” təşkilatı tərəfindən Azərbaycan xalqına etnik və dini əsasda ayrı-seçkilikdir. İrqi ayrı-seçkilik hər bir halda qəbuledilməzdir. Bu ayrı-seçkiliyi özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən təşkilatların həyata keçirməsi isə insan hüquqlarına ikiqat ağır zərbə vurur. Ələlxüsus, xatırladaq ki, bu hesabatın dərc edilməsindən az əvvəl, keçmiş prezident Levon Ter-Petrosyanın Ermənistanın qərbi azərbaycanlılara qarşı etnik təmizləməsinin dövlət siyasəti olduğunu təsdiq edən çıxışı yayılmış və biz bu barədə “Human Rights Watch”a xüsusi müraciət ünvanlamışdıq. Biz “Human Rights Watch” təşkilatı və onun arxasında duran qüvvələrdən insan hüquqlarından siyasi alət kimi istifadə etməyi, azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi və Ermənistanın etnik təmizləmə siyasətinə dəstəyini dayandırmağı tələb edirik". Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a danışıb. Hüquq müdafiəçisi qeyd edib ki, beynəlxalq insan haqları təşkilatları, o cümlədən “Freedom House”, “Amnesty İnternational”, “Human Rights Watch” və bu kimi digər qurumlar artıq müstəqil və bitərəf təşkilatlar kimi fəaliyyət göstərmirlər: “Onlar siyasiləşmiş strukturlara çevriliblər və müəyyən dövlətlərin siyasi hakimiyyətlərinə, eləcə də bu hakimiyyətlər tərəfindən yaradılan bəzi qurumlara tabe olurlar. Bu təşkilatların maliyyələşmə mənbəyi haradandırsa, sifarişlər də oradan gəlir. Təəssüf ki, onları maliyyələşdirən dövlətlər uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Bu, təkcə 30 illik işğal dövründə deyil, həm də torpaqlarımızı işğaldan azad etdiyimiz və antiterror tədbirləri həyata keçirdiyimiz dövrlərdə də müşahidə olunub. Həmin dövlətlər və təşkilatlar Azərbaycana qarşı yalnız qərəzli bəyanatlarla kifayətlənməyib, eyni zamanda bu məsələləri BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmağa da cəhd ediblər. Bu prosesin əsas təşəbbüskarlarından biri isə məhz Fransa olub və bu kampaniyanın təşkilində bilavasitə iştirak edib. Və ona görə də bu cür təşkilatların Azərbaycana qarşı mövqeyi birmənalı olaraq qərəzli hesab olunmalıdır. Çünki onların haqq və ədalətdən danışmağa nə mənəvi, nə də hüquqi haqları var. Şəhərlərimiz raketlərlə vurulanda, dinc insanlar yatdığı yerdə binalar başlarına uçanda, Gəncə, Bərdə, Goranboy, Tərtər kimi şəhərlərdə evlər dağılanda, mülki şəxslər məhv ediləndə, Arayıq Arutunyan kimi şəxslər “Bəli, bu əmri mən vermişəm” deyən zaman səs çıxarmayanlar, indi həmin canilərin azadlığa buraxılması üçün əllərindən gələni edirlər, bəyanatlar verirlər, onları siyasi məhbus kimi təqdim etməyə və əsir kimi qiymətləndirməyə çalışırlar. Lakin onların törətdikləri cinayətlərin toplusuna baxanda görünür ki, onlar Azərbaycan qanunvericiliyinin təxminən 20-yə yaxın maddəsi üzrə cinayət törətmişlər. Həmçinin beynəlxalq hüquqla qadağan olunmuş cinayətlər törətmişlər. Bura müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, milli və dini zəmində ayrı-seçkiliyin salınması, insanların deportasiya edilməsi və ən ağır cinayətlərin törədilməsi daxildir. Bu gün isə həmin şəxsləri azadlığa buraxmağa çalışırlar. Niyə? Çünki sifariş onlara belə verilib. Və qaldı ki Azərbaycanla bağlı, onlar Azərbaycandan köçüb getmiş ermənilərin geri qaytarılması məsələsini qaldırırlar. Amma bilməlidirlər və bilirlər ki, onları heç kim Azərbaycandan qovmayıb. Onların burada yaşamaq üçün nə mənəvi, nə də hüquqi haqları olub. Çünki oradan köçüb gedən insanlar separatizmə dəstək vermiş şəxslərin ailə üzvləri və yaxınlarıdır. Köçüb gedənlərin övladları, ərləri, qardaşları separatçı ordunun sıralarında 20-30 ildən artıq Azərbaycan xalqına qarşı terror törədiblər, xalqımıza qarşı silahdan istifadə ediblər, insanları kəndlərdən qovublar, kəndləri yandırıblar. Ona görə də gedənlər düşündülər ki, artıq onların xalqımızın arasında yaşamağa nə hüquqi, nə də mənəvi haqları yoxdur və könüllü şəkildə köçüb getdilər. Amma Azərbaycan dövləti elə o andan bəyan edir ki, biz mülki əhalinin getməsinin əleyhinəyik və onların qalıb yaşaya biləcəyini bildiririk. Amma o ermənilər ki, 1987-ci ildən bu ərazilərdə yaşayıblar, qalanlar da indi Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunlarına tabe olacaqlarsa, burada qala bilərlər. Bunu da etmək istəməyənlər köçüb getdilər. Bir dövlətin ərazisində başqa bir dövlətin vətəndaşı kimi yaşamaq qeyri-mümkündür. Amma geri qayıtmaq niyyətləri varsa, buyursunlar gəlsinlər. Lakin eyni zamanda unutmasınlar ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın geri dönüşü üçün də təhlükəsiz şərait yaradılmalı və zəmanət verilməlidir ki, onlar da geri dönüb yaşaya bilsinlər. Bu proses paralel şəkildə həyata keçirilməlidir. Gəlmək və burada yaşamaq istəyən ermənilər, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyənlər varsa, buyursunlar. Amma eyni zamanda Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın da geri dönüşü üçün şərait yaradılmalıdır. Qaldı ki, bu cür təşkilatlara, onların bəyanatlarına əhəmiyyət vermək lazım deyil. Çünki onlar, qeyd etdiyim kimi, Ermənistan və ermənilər bizim kəndlərimizi, şəhərlərimizi raket atəşinə tutanda, mülki insanları məhv edəndə həmişə susmağa üstünlük veriblər. İndi isə dilləri açılıb, Azərbaycana təzyiq göstərmək üçün ağıllarına gələn bəyanatları səsləndirirlər. Hesab edirəm ki, bu bəyanatların Azərbaycan üçün heç iki qəpiklik dəyəri yoxdur". Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan müstəqilliyini qazandıqdan bu yana müxtəlif beynəlxalq qurumların hücumları ilə üz-üzədir: “1990-cı illərin əvvəllərində torpaqlarımız işğal olundu, yüzminlərlə insanımız qaçqına çevrildi, soyqırımlarla üzləşdik. O illərdə hansı beynəlxalq insan haqları təşkilatı ermənilərin hərəkətini qınadı? Və ya ABŞ Konqresi Azərbaycan əleyhinə ədalətsiz 907-ci düzəlişi qəbul etdi. Buna etiraz edən oldumu? Təzyiqlərin əksəriyyəti Azərbaycanın torpaqlarını azad etməsi və suverenliyini bərpa etməsi ilə bağlıdır. Bunu həzm edə bilmirlər. Eyni zamanda Azərbaycanda hüquqi və məhkəmə islahatlarının dərinləşməsinə də ehtiyac var. Hüquqi islahatlar nəticəsində müstəqil məhkəmə sistemi formalaşmalıdır ki, hansısa beynəlxalq təşkilat Azərbaycana qarşı ittiham irəli sürə bilməsin”. Geri qayıt |