Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Tramp Paşinyana "qapıları" qapadır:
Tramp Paşinyana "qapıları" qapadır:Dünən, 19:17 |
Tramp adminstrasiyası dönəmində ABŞ-ın Ermənistana indiki dəstəyi əhəmiyyətli səviyyədə zəifləyərsə, bu, Avropa Birliyinin, hətta Fransanın belə, ifrat ermənipərəst mövqeyinə ciddi şəkildə neqativ təsir göstərə bilər... Nəticədə Azərbaycanla enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq münasibətləri olan Avropa Birliyi Ermənistana dəstəyi geri çəkməyə məcbur qalar, Fransa isə oyundankənar vəziyyətə düşər... Cənubi Qafqaz taleyüklü geopolitik mərhələyə sürətlə yaxınlaşmağa başlayıb. Belə ki, bu regionda maraqlı olan kənar güclər hələlik geopolitik qarşıdurmada həlledici üstünlük qazana bilməyiblər. Ona görə də, ABŞ və Qərb ilə Rusiya arasında davam edən Cənubi Qafqaz savaşının müəyyən mənada, dalana dirəndiyini də düşünmək olar. Və mövcud situasiya regional sülh prosesinə də neqativ məzmunda təsir göstərir. Onu da qeyd etmək lazımdır ki, mövcud regional situasiya hazırda Cənubi Qafqaz dövlətləri arasında ən çox Ermənistan üçün real təhlükələr vəd etməyə başlayıb. Belə ki, rəsmi İrəvan ən ciddi beynəlxalq himayədarını artıq itirib. Hər halda, ABŞ-da hakimiyyəti artıq təhvil vermiş Bayden administrasiyası Ermənistanın silahlandırılaraq, yenidən gücləndirilməsi cəhdlərində avanqard beynəlxalq himayədar rolunu oynayırdı. Və artıq Ermənistan Bayden adminstrasiyasının genişmiqyaslı dəstəyindən məhrum qalıb. Əslində, Paşinyan hakimiyyəti indiki situasiyanın qaçılmaz xarakter daşıdığını anlayırdı. Ona görə də, ABŞ-sa hakimiyyəti təhvil almış Tramp administrasiyası ilə təmasların qurulması üçün mümkün ola biləcək bütün variantları sınaqdan keçirməyə çalışırdı. Hətta Ermənistanın "əkiz bacısı" olan Fransanın prezidenti Emmanuel Makrondan Paşinyan hakimiyyəti ilə Tramp adminstrasiyası arasında təmasların inkişaf etdirilməsi üçün vasitəçilik xahişləri də olunmuşdu. Və prezident Makron bu xahişlərə yalnız Ağ Evin yeni sahibi Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyanı qısamüddətli görüşdürməklə, cavab verə bilmişdi. Ancaq sonrakı proseslər onu da göstərdi ki, Parisdə bir neçə dəqiqəlik ayaqüstü Tramp-Paşinyan görüşü Ermənistanın ümidləri üçün qətiyyən yetərli deyil. Hər halda, həmin görüşün uğursuz olduğu artıq elə də ciddi şübhə doğurmur. Çünki Ağ Evin yeni sahibi "erməni faktoru"na əhəmiyyət vermədiyini hələ əvvəlki dönəmində biruzə vermişdi. Elə məhz bu məqam erməni siyasi dairələrini olduqca ciddi səhvə yönəltmişdi. Və həm rəsmi İrəvan, həm də ABŞ-dakı erməni diasporu son prezident seçkilərində məhz Bayden adminstrasiyasını təmsil edən namizəd Kamala Harrisi dəstəkləmişdi. Ona görə də, hazırda erməni siyasi dairələrində ciddi narahatlıq hökm sürür. Belə ki, "erməni faktoru"na onsuz da laqeyd olan prezident Donald Trampın rəsmi İrəvanın buraxdığı önəmli səhvi asanlıqla unudacağına inanmaq sadəlövhlük olardı. Rəsmi İrəvanın və ABŞ-dakı erməni diasporunun bütün cəhdlərinə baxmayaraq, prezident Donald Trampın andiçmə mərasiminə Ermənistan baş naziri Nikol Paşinyanın dəvət edilməsi ilə bağlı xahişlərin geri çevrilməsi də kifayət qədər ciddi mesajdır. Və bu baxımdan, Bayden administrasiyası ilə tez-tələsik imzalanmış ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişinin rəsmi İrəvanın işinə yaraya biləcəyi hələlik ciddi şübhələr doğurur. Göründüyü kimi, Paşinyan hakimiyyəti əsas beynəlxalq himayədarını artıq itirib. Çünki prezident Donald Trampın hakimiyyəti dönəmində ABŞ-ın Ermənistana Bayden administrasiyasının göstərdiyi dəstəyi davam etdirəcəyinə indi hətta rəsmi İrəvan da inanmır. Və Tramp adminstrasiyasının Cənubi Qafqaz siyasəti fərqli geostrateji hədəflərə yönəldilərsə, ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişi lazımsız kağız parçasına çevrilə bilər. Ona görə də, Paşinyan hakimiyyəti hazırda Tramp adminstrasiyası ilə səhnəarxası təmasları intensivləşdirməyə çalışır. Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan da iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirməyə hazır olduqlarını vurğulayıb. Və bu baxımdan, o, ABŞ-ın müəyyən öhdəliklərinin olduğuna eyham vursa da, Tramp administrasiyasının Ermənistanla strateji tərəfdaşlığa önəm verəcəyinə də qətiyyən əmin deyil. Təbii ki, bütün bunlar rəsmi İrəvan üçün əlavə problemlər də yarada bilər. Belə ki, ABŞ-ın Ermənistana dəstəyi əhəmiyyətli səviyyədə zəifləyərsə, bu, Avropa Birliyinin, hətta Fransanın da mövqeyinə birbaşa təsir göstərə bilər. Çünki ABŞ-ın intensiv dəstəyi olmadan Avropa Birliyi və Fransanın Cənubi Qafqazda geopolitik planlar qurması uğursuz məşğuliyyətə çevrilmiş olacaq. Nəticədə Azərbaycanla enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq münasibətləri olan Avropa Birliyi də Ermənistana dəstək məsələsinə yenidən baxmalı olacaq. Əgər, bütün bunlar baş verərsə, Avropa Birliyi də Ermənistana dəstəkdən geri çəkilə bilər. Buna paralel olaraq, Fransanın Ermənistanı himayə etməsi də öz əhəmiyyətini ciddi şəkildə itirmiş olar. Yəni, Ermənistan üçün daha çətin dövrün başlama ehtimalı qətiyyən istisna deyil. Hətta hazırda Ermənistanın əsas beynəlxalq himayədarları olan ABŞ və Avropa Birliyinin yaxın perspektivdə Azərbaycanın strateji tərəfdaşlarına çevrilmə ehtimalı da mövcuddur. Və bu baxımdan, Paşinyan hakimiyyəti daxilində hökm sürən ciddi əndişə əslində, qətiyyən yersiz deyil. Üstəlik, digər önəmli faktorlardan biri də odur ki, yaxın vaxtlarda ABŞ-Avropa Birliyi qarşıdurmasının amansız mübarizə mərhələsinə keçmə perspektivi də mövcuddur. Bu iki nəhəng arasında strateji hesablaşma ehtimalı qaçılmaz xarakter alarsa, onda Ermənistan nə ABŞ-ın, nə də Avropa Birliyinin maraq dairəsində yer almayacaq. Nəticədə Ermənistan yenidən "sahibsiz və qulpsuz çamadan" durumuna düşə bilər. Və bu halda, Ermənistanın indiyə qədər israrla yürütdüyü Qərbə inteqrasiya siyasətinin sarsıdıcı əks zərbələrinə məruz qala biləcəyi də qətiyyən şübhə doğurmur. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan son bir neçə ildə yürütdüyü xaotik xarici siyasət kursu ilə əslində, Ermənistanın təhlükəsizlik təminatına nail ola bilməyib. Əksinə, hazırda bu siyasi kurs indi Ermənistan üçün bumeranq effekti vermə təhlükəsi də yaradır. Yəni, Paşinyan hakimiyyəti yeni himayədarlar axtarışı ilə əslində, Ermənistanı indi real geopolitik təhlükələrin hədəfinə çıxarmaq riski ilə baş-başa buraxıb. Və mövcud situasiyadan indiki xaotik xarici siyasət anlayışı ilə çıxmaq şansının ola biləcəyi isə hələlik qətiyyən inandırıcı görünmür. Elçin XALİDBƏYLİ, "Yeni Müsavat" Geri qayıt |