Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Rusvari rüsvayçılıq
Rusvari rüsvayçılıqDünən, 15:17 |
Rusiya mediasında ölkəmizə qarşı başlanmış haray-həşir, qarayaxma, burunlama kampaniyası heyrət doğrurur və adamın yadına məşhur lətifə personajı Molla Nəsrəddinin bir əhvalatını salır. Həmin lətifə belədir: Bir gün Molla yola çıxır, qonşu şəhərə yollanır. Yarıyolda quldurlar onun qarşısını kəsir, eşşəyindən düşürür, nəyi var, əlindən alır, özünü də döyməyə başlayırlar. Molla qışqırır: “A kişilər, bir əl saxlayın, məni soydunuz, bu heç, ta niyə döyürsünüz? Gec gəlmişəm, ya az gətirmişəm?” İndi Mollanın sözü olmasın, təyyarəmizi vuran ruslar, faktı danan, məsuliyyətdən yayınmağa çalışan ruslar, daha bizi niyə söyürlər? Təyyarənin vurulmasına etiraz edib, problem yaratmışıq? Dinməməliydik? “Olan şeydir, canınız sağ olsun” deməliydik? Bəlkə təyyarəmizə dəyən raketin pulunu da ödəməliydik? Göründüyü kimi, bu kampaniyaya ciddi reaksiya vermək belə mümkün deyil. Çünki hərəkətin özü lətifəvaridir. Onlar belə vərdiş ediblər. Rusiya imperiyasının çoxəsrlik siyasətinin leytmotivi bütün münaqişəli vəziyyətlərdə zeytun yağı kimi üzə çıxmaq, ən haqsız olduğu situasiyalarda belə özünü haqlı elan etmək, buna etiraz edənləri təzyiqə, repressiyaya məruz qoymaq və sair bu kimi hərəkətlər olub. “Rusiyanı ağıl-kamalla dərk etmək çətindir” deyən klassiklərin növbəti dəfə haqlı olduğu bu günlərdə büruzə çıxır. Doğrudan da dünyada bu qədər təklənmiş, küncə sıxılmış, Ukrayna və onun arxasında dayanan qüdrətli dövlətlərlə apardığı müharibədə ciddi itkilərə, sarsıntılara məruz qalmış bir dövlət belə bir dönəmdə yanında qalan, ona arxadan xəncər saplamayan azsaylı ölkələrin biriylə intriqaya girir. Bu, ağıl-kamal göstəricisi ola bilərmi? Mülki təyyarənin vurulması ilə bağlı ixtilafdan yeganə çıxış yolu səhvi etiraf etmək, zərərçəkən şirkətə və sərnişinlərə kompensasiya ödəmək kifayət idi ki, münaqişə böyüməsin. Belə olsaydı, o zaman hər şey bir faciəvi səhvin ayağına yazlacaqdı, dostluğa xələl gəlməyəcəkdi. Ancaq Rusiya hakimiyyətinin indiki ovqatı “vurmuşuq, yaxşı eləmişik, ayrı sözünüz varmı” tipindədir. Belə davranışlar siyasi-diplomatik etiketlərlə daban-dabana ziddir, bu, əsasən kriminal hesablaşmaların ritorikasıdır. Bildiyiniz kimi, kriiminal avtoritetlər ünvanlarına irad səslənməsinə təhəmmül etmirlər, dərhal odlu silaha əl atır, məsələni birdəfəlik həll etmək istəyirlər. İndi rusiyalı böyüklərdən kimsə ortaya çıxıb deyə bilər ki, Azərbaycana qarşı aparılan əsassız mətbu hücum dövlət rəhbərliyinin iradəsindən kənar xarakter daşıyır. Hamımız bilirik ki, bu, havayı söhbətdir. Rusiya elə bir dövlətdir ki, orada həmişə totalitarizm hökm sürüb, bu gün də bütün peşəkar media və sosial şəbəkələr total nəzarətdədir. Sosial şəbəkədəki milyonlarla səhifənin birində Ukraynada aparılan müharibənin haqlılığını azacıq şübhə altına alan istənilən şəxs anındaca ifşa edilir, məsuliyyətə cəlb ounur, “xarici agent” adlandırılırsa, Rusiya ilə strateji müttəfiqlik sazişi olan ölkəyə qarşı aparılan çirkin kampaniyanın özfəaliyyət olması ehtimalı sıfıra bərabərdir. Həm də bu sahədəki özfəaliyyətlər heç vaxt kütləvi xarakter daşıya bilməz. Rusiyalı təbliğatçıların hərəkəti bir zamanlar Hollandiya futbolçularının tətbiq etdiyi taktikaya bənzəyir: “Hamılıqca hücuma, hamılıqca müdafiəyə”. Şübhə yoxdur ki, bu kampaniyanın arxasında Rusiyanın Federal Təhlükəsizlik Xidməti dayanır. Azərbaycanı hədələyən neonasistlər də bu xidmətin layihəsidir, hökumət onlardan “şilləvuran”, “xoxan” kimi istifadə edir. Azərbaycanın sərnişin təyyarəsi Rusiya səmalarında vurulduqdan, onlarla sərnişin həlak olduqdan, hətta bunun Rusiya hava hücumundan müdafiə qüvvələrinin cinayətkarcasına səhvi olduğu ortaya çıxandan sonra da Azərbaycan tərəfindən Rusiyanın ünvanına təhqiramiz ifadələr səslənmirdi. Ən sərt fikir bildirənlər Rusiya rəhbərliyinin buna görə üzr istəməsini tələb edirdilər. Vəssalam. Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu işdə məsuliyyəti olanların cəzalandırılmasını tələb etməsi isə Rusiyada qıcıq doğurub. Maraqlıdır, bu toxunulmaz şəxs kimdir ki, onun məsuliyyətə cəlb edilməsini tələb edəndə vəziyyət kəskin dəyişir? Yəni Ramzan Kadırov Rusiyada bu qədərmi ötkəm şəxsdir? Əslində onun ötkəmliyi barədə əvvəllər də yazılıb. O, RF-nin qüdrətli İstintaq Komitəsinin sədri Bastrıkini və daxili işlər naziri Kolokoltsovu danlayan, onların “öz yerində olmadıqları”nı bildirən şəxsdir. Ancaq onun Rusiyanın qonşuluq siyasətini müəyyən edən biri olması gözlənilməzdir. Fakt odur ki, onun təqsiri üzündən Rusiya öz cənub qonşusu ilə problem yaşayır və Kreml onu cəzalandırmaq əvəzinə, ona qarşı tələbi olanların üstünə getməyə çalışır. Bu işdə velikorus şovinizminin təzahürləri də hiss olunur. Heç kəs Moskvaya söz deyə bilməz – xüsusilə də bu, vaxtilə onun keçmiş müstəmləkəsidirsə. Ruslar hələ də həzm edə bilmirlər ki, hamının sovet-rus bayrağı altına birləşdiyi günlər bir qərinə geridə qalıb. Vaxtilə Moskvanın ağzına baxan 14 müttəfiq respublikanın 13-ü müstəqil dövlətdir. Rusiyanın yanında qalan bir Belarusdur, onun da əlacı, başqa yolu yoxdur. Ermənistan kimi kreditlə yaşayan bir ölkə Rusiyadan tamamilə üz döndərmək yolu tutubsa, Kreml öz təkəbbür və ambisiyalarından əl çəkməyi götür-qoy etməlidir. Bu siyasətlə uzağa getmək olmaz. Dönüb geriyə, tarixə baxmaq lazımdır. Orada özünü bu cür aparan dövlətlərin aqibətinə dair çoxsaylı materiallar var. Araz Altaylı, Musavat.com Geri qayıt |