Əsas Səhifə > Güney Press > ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı:
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı:Dünən, 19:02 |
Dünən Vaşinqtonda ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar. Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğulayıb: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək”. Blinken onu da bildirib ki, ABŞ gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək: “Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”. ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan XİN başçısı Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə edib: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək”. Onu da bildirək ki, Ermənistan Parlamenti ötən həftə ölkənin Avropa İttifaqına qoşulmaq üçün müraciət etməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Lakin sürətli üzvlük ehtimalı azdır. Sazişin imzalanmasından bir neçə saat əvvəl Kreml Rusiyanın Ermənistanla yaxın münasibətlərini yüksək qiymətləndirdiyini və ABŞ-ın regionda heç vaxt sabitləşdirici rol oynamadığını bəyan edib. Ermənistan uzun illər Rusiyanın əsas müttəfiqlərindən biri olsa da, son illərdə ölkə Qərblə daha sıx əlaqələr qurub. “ABŞ, əlbəttə, mümkün olan hər cür yolla yeni ölkələri öz təsir dairəsinə çəkməyə çalışır,” - Kremlin sözçüsü Dmitri Peskov gündəlik brifinq zamanı jurnalistlərə bildirib. Ermənistanın Qərbə meyilli addımları Moskvada qıcıq yaradıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında Ermənistana xəbərdarlıq xarakterli və təhdid dolu bəyanat verib. Ermənistan XİN rəhbəri Mirzoyanın Moskvaya səfərə dəvət olunduğunu deyən Lavrov bildirib ki, “Rusiya ilə Ermənistan arasında dialoq” davam edir: “Mirzoyan Moskvaya səfərə dəvət olunub. O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik". “Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil. Mən Baş nazirin müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırlatmaq istərdim. Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil. Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır", deyə Lavrov vurğulayıb. Lavrov Aİ-yə üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb. Bununla yanaşı, Rusiyanın baş diplomatı Paşinyan hakimiyyətinə Ukraynanın Avropa İttifaqı ilə assosiasiya təcrübəsini xatırladıb: "2013-cü ildə Yanukoviç başa düşdü ki, Ukraynanın Aİ ilə assosiasiyası ilə bağlı danışıqlar daxili tariflərin olmadığı MDB azad ticarət zonası çərçivəsində öhdəliklərə zidd olan parametrlərə çıxır". Ekspertlər bunu Lavrovun dili ilə Moskvanın İrəvana təhdidi sayırlar. Ermənistanın Qərbə yaxınlaşma siyasəti, ABŞ-la imzalanan sazişin mahiyyəti, bunun bölgəyə təsirləri, Rusiya və İranın məsələyə reaksiyası ilə bağlı AYNA-nın suallarını Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri cavablandırıb. Analitik deyib ki, Blinkenlə Mirzoyanın imzaladığı sazişin praktikada işlək olub-olmayacağı sual altındadır: - Çünki sənəd Co Bayden adminstrasiyasının Ağ Evi tərk etməsi ərəfəsində imzalandı. Bu əməkdaşlığa ABŞ-ın yeni Prezidenti Donald Tramp adminstrasiyasının münasibəti bəlli deyil. Ümumiyyətlə, seçkilərdə uduzan və kreslosunu tərk edən Bayden adminstrasiyası iki daşın arasında niyə belə bir əməkdaşlıq sənədinə imza atdı, o qədər də anlaşılan deyil. Hər halda, sənəd imzalanıb və etiraf etmək lazımdır ki, bu, Ermənistanın uğuru sayıla bilər. Amma yenə deyirəm, nə qədər işlək olacaq, onu zaman göstərəcək. Çünki Trampın Ağ Evə qayıtmasına cəmi 5 gün qalıb. Trampın da siyasəti o qədər də bəlli deyil. Əslində Tramp əvvəl 4 il hakimiyyətdə olub və həmin zaman biz müşahidə etmişik ki, onun xarici siyasət kursu fərqlidir, o qədər də prioritet sayılmır. Tramp daha çox Amerika daxili siyasətə önəm verir. Bu baxımdan, ola bilsin ki, İrəvanla imzalanan sənəd işlək olmayacaq. - Bunun bölgəyə təsiri nələrdir? - Açıqlamalarda bildirilir ki, sənəd Cənubi Qafqazda sülh və sabitlik üçün önəmlidir. Ermənistan kimi işğalçı zehniyyətli bir dövlət bölgədə sülh və sabitliyə hansı töhfəsini verə bilər ki? Bu dövlət 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxladı. İkinci Qarabağ müharibəsində məğlub oldu, amma müharibədən 4 ildən çox vaxt keçməsinə baxmayaraq, sülh sazişindən boyun qaçırır. ABŞ Cənubi Qafqazda sabitlik istəyirsə, o zaman Ermənistanla hansısa strateji tərəfdaşlıq sazişi imzalamalı deyil, İrəvana Azərbaycanın ədalətli şərtlərini qəbul etməsi və sülh sazişinə imza atması üçün təzyiq etməli idi. Amma biz bunu görmədik. Hesab edirəm ki, ABŞ bu addımı ilə Ermənistanı Rusiyanın təsir dairəsindən qurtaracağını düşünür. Məncə, bu sənəd Azərbaycana qarşı yox, daha çox Rusiya və İrana qarşı imzalanan sənəddir. Rusiyanın da reaksiyası bəllidir. Ermənistanın Qərbə inteqrasiya kursunu Kremlin həzm etməsi çətindir. - Moskva İrəvana qarşı hansı addımları ata bilər? - Lavrovun dili ilə Ermənistana Rusiyadan xəbərdarlıq edildi. Rusiyanın baş diplomatı təhdidləri səsləndirdi və kifayət qədər açıq mesajlar verildi. Düşünürəm ki, Rusiya Tramp adminstrasiyasının fəaliyyətə başlamasını və bundan sonra veriləcək qərarları gözləyir. Əgər Tramp Bayden adminstrasiyasının vaxtında imzalanan sənədin ratifikasiyasına razı olub onu işlək vəziyyətə gətirərsə, Rusiya addımlarını atacaq. Bu addımlar da bəllidir əslində. Məlumdur ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Lavrov Avropa İttifaqında və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda təmsil olunmağın mümkünsüzlüyünü bəyan etdi. Bu, İrəvana xəbərdarlıq və təhdid idi. Eyni zamanda, Lavrov Nikol Paşinyan hökumətinə Ukraynanın keçmiş Prezidenti Viktor Yanukoviçin addımlarını və nəticələri xatırlatdı. Moskva Ermənistana diplomatik dillə deyir ki, Qərbə inteqrasiya siyasəti İrəvan üçün başağrısına çevriləcək. Sirr deyil ki, Rusiyanın Ermənistana kifayət qədər təsir rıçaqları var ki, bunlardan istifadə Ermənistanın, daha doğrusu Paşinyan hökumətinin sonu ola bilər. Hesab edirəm ki, Rusiya Ermənistanın bu addımlarını bağışlamayacaq. Hansı rıçaqdan istifadə edəcək, deyə bilmərəm, amma mütləq İrəvan cəzalandırılacaq. Bir növ, Vaşinqton İrəvanı “Kreml ayısı”nın pəncəsi altına atdı. - Bəs İranın reaksiyası necədir? - İran tərəfindən hələlik məsələ ilə bağlı rəsmi bəyanat görməmişəm. Amma əlbəttə, Tehran İrəvanın bu siyasətinə qarşıdır. İrandakı bir neçə qeyri-rəsmi şəxslərin bəyanatları var və Ermənistan xəyanətdə günahlandırılır. Yəqin ki, yaxınlarda İranın da rəsmi reaksiyasına şahid olacağıq. Tehran düşmən saydığı Vaşinqtonla qonşusu və illər uzunu dəstək verdiyi İrəvanın müttəfiqliyini xoş qarşılamayacaq. Geri qayıt |