Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Burun əməliyyatlarında ölüm riski
Burun əməliyyatlarında ölüm riskiDünən, 14:00 |
"Rinoplastika əməliyyatında beynin zədə görməsi mümkün deyil. Çünki, bu əməliyyat zamanı beyin görünmür, çox dərində, arxada qalır. Ona görə də, rinoplastika əməliyyatında beyinin zədə almasının ölümə səbəb olduğunu söyləmək düzgün fikir deyil. Ölümün səbəbini ekspertiza araşdırmalıdır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndərli söyləyib. Qeyd edək ki, burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurlunun ölümü rinoplastika əməliyyatları ilə bağlı narahatlığa səbəb olub. Mərhumun atası mətbuata açıqlamasında bildirib ki, burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurlu sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk dolub. Buna səbəb isə əməliyyatı edən həkimin cərrahiyyə əməliyyatı zamanı beyni zədələməsidir. V.Qələndərli isə bu iddianın tibbi baxımdan inandırıcı olmadığını söyləyir. O, bildirir ki, rinoplastika əməliyyatı zamanı həkimin beyni zədələməsi mümkün deyil. "Ola bilər ki, xəstənin başqa narahatlığı, yanaşı xəstəliyi olub. Axı rinoplastika əməliyyatında həkim beyni görmür. Beyin çox dərində qalır. Beyni bu halda necə zədələmək olar? Bəlkə pasiyentin qanında infeksiya olub? Bütün bu şübhələr araşdırılmalıdır. Bununla bağlı yekun rəyi ekspertiza verəcək. Ekspertiza rəyi olmadan ölümün səbəbini qəti formada söyləmək mümkün deyil. Tibbi savadı olanlar bilir ki. rinoplastika əməliyyatında beynin zədə alması mümkün deyil. Biz ona görə də ekspertizanın cavabını gözləməliyik. Yalnız bundan sonra ölüm səbəbini dəqiq söyləmək olar", - deyə Vaqif Qələndərli söyləyib. Burun əməliyyatında beyin travması... Tanınmış otolorinqoloq Kamran İbrahimov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burun çəpəri və rinoplastika əməliyyatları zamanı həkimin beyinə gedib çatması mümkün deyil. O, bildirib ki, buna sinus cərrahiyyəsi zamanı ehtiyac duyulur: "Sinus cərrahiyyəsi burun və üz nahiyəsində sinusların müalicəsində istifadə edilən müasir cərrahi üsul hesab olunur. Bu prosedur endoskop adlanan nazik boru ilə sinuslara daxil edilərək həyata keçirilir. Əsasən sınıqlar zamanı aparılır. Adi burun çəpəri və plastikası əməliyyatlarında həkim beyinə toxunmur. Beyin burunun yuxarı hissəsində yerləşir. Burun çəpərindən beyinə daxil olmaq mümkün deyil". Ümid ekspertizanın rəyinə qalıb Bununla belə, K.İbrahimov bildirib ki, hər şey məhkəmə tibbi ekspertizasının nəticəsində üzə çıxacaq. "Həmin xanımın ölümü təbii ki, hər birimizi sarsıtdı. Amma onun ölümünün səbəbi məhkəmə tibbi ekspertiza rəyindən sonra məlum olacaq. Ekspertizanın rəyi göstərəcək ki, pasiyentdə beyin travması olub, yoxsa yox? Beyninə infeksiyanın keçib-keçməməsi də ekspertizanın rəyindən sonra üzə çıxacaq. Ekspertiza zamanı beyin açılır, onun içərisində sınığın, çirkin olub-olmadığı aşkar görünür", - deyə K.İbrahimov bildirib. İki insanın ölümünə səbəb olan həkimi hansı cəza gözləyir? Qeyd edək ki, Nəzrin Mansurlu "Mərcan Medicare" klinikasında tanınmış həkim Sənan Mehtiyev tərəfindən əməliyyat olunub. Sənan Mehdiyev isə ölkədə bu sahədə ən populyar və bahalı həkimlərdən hesab olunur. Bununla belə Nəzrin Mansurlu Sənan Mehtiyevin əməliyyatından sonra ölən ilk pasiyent deyil. 2015-ci ilin martında həmin həkimin əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikada vəfat etmişdi. Ailəsinin uzun müddət davam edən şikayətlərindən sonra hadisə araşdırıldı və S.Mehtiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edildi. Lakin onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzləndi və cəzası çəkilmiş hesab olundu. Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallarda həkimlə bağlı dərhal həbs qərarı verilmir. "Pasiyentin ölüm səbəbi ilk növbədə məhkəmə tibbi ekspertizası tərəfindən araşdırılmalıdır. Ekspertizanın rəyində həkimin səhvi, həkim səhlənkarlığı nəticəsində ölüm hadisəsinin baş verdiyi təsdiqlənərsə, həkimi 5 ilədək azadlıqdan məhrumetmə cəzası verilir", - deyə Rəşad Əliyev bildirib. Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlanıb Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib. Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur. Xatırladaq ki, Cinayət Məcəlləsinin 314-cü maddəsinə əsasən, səhlənkarlıq ehtiyatsızlıqdan ölümə və ya digər ağır nəticələrə səbəb olarsa, buna görə 2 ildən 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Geri qayıt |