
Maştağada tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə 22 yaşlı Məhəmmədəli Əmirxanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, ona hüquq və vəzifələri izah edilib.
Müşavirədən sonra məhkəmə baxışı martın 6-na təyin olunub.
Xatırladaq ki, ötən il oktyabrın 13-ü saat 23 radələrində Maştağa qəsəbəsindən 28 yaşlı Səid Əhmədovun xəsarətlə Sabunçu Tibb Mərkəzinə çatdırılması və orda ölməsi barədə 14-cü polis bölməsinə məlumat daxil olub.
Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Məhəmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı tanışı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi məlum olub.
İstintaq zamanı təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Əmirxanov anlaqsız hesab edilərək 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.