
Fevralın 18-də hakim Artur Voskanyanın sədrliyi ilə keçirilən iclasda Sünik vilayətinin Baş Yurisdiksiya Cinayət Məhkəməsi general Tiran Xaçatryan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Tiran Xaçatryanın həbsi 10 milyon dram girov və heç yerə getməmək barədə yazılı öhdəliklə əvəzlənib.
Müdafiə tərəfi həbs-qətimkan tədbirinin dəyişdirilməsi vəsatəti ilə Tiran Xaçatryanın aldığı mükafatların və xatirə medallarının bir qismini məhkəməyə təqdim edib.
Prokuror həbs müddətinin 3 ay uzadılmasını istəyib.
Tiran Xaçatryan 2020-ci ildə 44 günlük müharibə zamanı xidməti vəzifələrinə səhlənkarlıq etməkdə ittiham olunur. İttihama görə, o, 2020-ci il oktyabrın 7-dən 17-dək cənub qrupunun komandiri kimi tam tərkibdə komanda məntəqəsi yarada bilməyib və hərbi əməliyyatların idarə olunması üçün kifayət qədər tədbirlər görməyib, bu isə ağır nəticələrə gətirib çıxarıb. O cümlədən, strateji yüksəkliklər və müdafiə xətləri itirilib.
Tiran Xaçatryan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ittiham olunub. O, 2025-ci il yanvarın 5-də həbs edilmişdi.