Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "Bəs ayrılan bu 2 milyon hara gedir?"

"Bəs ayrılan bu 2 milyon hara gedir?"


19-02-2025, 11:08
"Bəs ayrılan bu 2 milyon hara gedir?"
Naxçıvan şəhərinin işıqlandırılmasına 2 milyon manat ayrılsa da, gecə düşəndə yollar yenə də zülmətə qərq olur. Sakinlər qaranlıq küçələrin təhlükəli olduğunu, xüsusilə sahibsiz itlərin qorxu yaratdığını bildirirlər.
Bundan əlavə, sürücülər yol kənarını düzgün görə bilmədiyi üçün piyadalar ciddi təhlükə ilə üz-üzə qalır. Son aylarda Naxçıvanda baş verən piyada vurulmalarının əksəriyyəti məhz gecə saatlarında qeydə alınıb.
"Əvvəllər küçələr normal işıqlandırılırdı, indi isə maliyyə çatışmazlığı bəhanəsi ilə işıqları yandırmırlar. Bəs ayrılan bu 2 milyon hara gedir?" – sakinlər belə sual verirlər.
Sakinlərin sözlərinə görə, 3-cü Mikrorayondan Tumbul kəndinə, hava limanı yoluna, Babək və Şıxmahmud istiqamətlərinə gedən yollar tamamilə qaranlığa qərq olub. Nəqliyyat vasitələri yol kənarlarını güclə seçir, piyadalar isə ehtiyatla hərəkət etməyə çalışır.
Şəhər sakini Cavad Muradov deyir ki, gecələr qorxudan küçəyə çıxmırlar. Məcbur qalıb çıxdıqda isə ehtiyatlı davranmağa çalışırlar:
"Gecələr küçədə hərəkət etmək təhlükəli hala gəlib. Küçə itləri insanlara hücum edir. İşdən çıxanlar, hazırlıqdan gələn uşaqlar qaranlıq yollarda qorxu içində irəliləyirlər. Mən hər axşam avtobus dayanacağında övladımı qarşılamalıyam, çünki küçədə işıq olmadığı üçün yol təhlükəlidir."
İşıqlandırma problemi təkcə şəhər kənarında deyil, mərkəzdə də hiss olunur. Şəhriyar məhəlləsində (5 nömrəli marşrutun son dayanacağı) küçələr illərdir işıq üzü görməyib. Orada yaşayan A. Nəzərov deyir ki, 20 il əvvəl quraşdırılmış işıq dirəklərinin bir hissəsi ümumiyyətlə yoxdur, olan dirəklərdə isə nadir hallarda işıqlar yandırılır:
"Küçədə avtomobillər piyadaları çətinliklə görür, qəzalar baş verə bilər. Dəfələrlə Naxçıvan Şəhər İcra Hakimiyyətinə şikayət etmişik. Cavab eynidir: ‘Vəsait yoxdur, düzəldə bilmirik.’ Son vaxtlar isə ümumiyyətlə olan işıqları da söndürürlər. Şəhər ətrafındakı bütün məhəllələrdə vəziyyət eynidir."
Ötən ilin avqust ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti küçələrin işıqlandırılması üçün 650 işıq dirəyi və 300 işıq başlığı aldığını açıqlamışdı. Bu avadanlıqların ümumi dəyəri 1.989.470 manat olub. Amma nə işıq dirəkləri var, nə də işıqlandırma düzəlib.
Şikayətçilər aidiyyəti qurumlara müraciət edərək, problemin həll olunmasını tələb edirlər. Sual isə ortadadır.

Gündəlik Naxçıvan

Geri qayıt