
“Fuad Nəcəfli dedi ki, başını hara bərkdirsə, ora vur“. Qazi Vüqar Qasımlı Naxçıvanın səlahiyyətli nümayəndəsi ilə görüşdə bu cür rəftarla üzləşdiyini deyir. Onun sözlərinə görə, Naxçıvanda sökülmüş əmlakı ilə bağlı şikayətini dinləmək əvəzinə, Fuad Nəcəfli onununla kobud və aqressiv davranıb.
I Qarabağ Müharibəsi qazisi V. Qasımov „Gündəlik Naxçıvan”a bildirir ki, onun Culfa rayonundakı iki böyük obyekti 2004-cü ildə Vasif Talıbovun göstərişi ilə qanunsuz sökülüb. Borc götürərək yeni obyekt açsa da, 2014-cü ildə onun da fəaliyyəti dayandırılıb və içindəki 400 min manatlıq materiallarla birlikdə möhürlənib. Girov qoyduğu iki evini də banka ödəyə bilmədiyi üçün itirib.
Yeni rəhbərlik Talıbov dövründə sökülmüş obyektlərə görə sahibkarlara kompensasiya vəd etsə də, Vüqar Qasımlının müraciətləri nəticəsiz qalıb. Bakıdakı aidiyyəti qurumlara şikayət etdikdən sonra onu yenidən Fuad Nəcəflinin qəbuluna yönləndiriblər. Lakin bu dəfə də heç bir həll yolu tapılmayıb, əksinə, aşağılayıcı ifadələrlə qarşılaşıb.