Əsas Səhifə > Şou-biznes > “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım”

“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım”


Bu gün, 09:21
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım”
“Hər kəs öz işini bacardığı qədər, peşəkarcasına, yaxud da özfəaliyyət səviyyəsində görür. Məqsəd var. Ən azından qarşıya məqsəd qoyub çalışmaq, irəli getmək gözəl bir şeydir. Bu sənətdə peşəkarı da var, qeyri-peşəkarı da. Məni bu narahat edir ki, onları gətirib deyirlər ki, filan sənətkar kimi oynayır, onun kimi oxuyur! Korifey sənətkarlar bir dəfə dünyaya gəlir. Onlar əvəzolunmaz sənətkarlardır. Bəzən deyirlər ki, həyatda əvəzolunmaz kimsə yoxdur. Xeyr, var! Elə insanlar var ki, heç vaxt əvəz olunmayacaqlar. Onların yerini kimsə doldurmayacaq, o sadəcə özü olacaq”

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Səidə Dadaşova deyib. O daha sonra əlavə edib:

“İnsan öz yolunu tapmalıdır. Öz hörmətini qazanmalıdır. İzlə gedənin izi olmaz. Bu gün gəncləri hansısa sənətkarların davamçısı kimi təqdim edirlər. Bu yolverilməzdir. İnsan özününkünü meydana gətirməlidir. Özünün ideyasını sevdirməlidir. Hazır nəyisə sevdirmək, onu təqdim etmək asandır. Yenilik gətirməyə cəhd edin. Dünənki uşaqları heç cür korifey sənətkarlarla müqayisə etmək olmaz” deyə sənətçi bildirib.

“O dövrlə bu dövr tamam başqadır. İndi sənətkara, aktyora əvvəlki kimi qiymət vermirlər. Mən hələ özüm də istədiyim yerdə deyiləm. Yaşadığım çətinlikləri övladımın da yaşamasını istəmirəm. Vaxtilə atam da bu sənətdəki çətinlikləri görüb, bu sözləri mənə demişdi. Hər şey qismətdən və onun istedadından asılıdır. Əgər gələcəkdə babası kimi böyük sənətkar olacaqsa niyə də olmasın?” deyə müğənni bildirib.

Səidə Dadaşova deyir ki, “Bəxt üzüyü” filmində atasının idarə etdiyi avtomobil şəxsi kolleksiyada saxlanılır:

“Pulum olsaydı onu alardım. Bu avtomobili elə insan alıb ki, inanmıram onu satsın. Çünki o özü də kolleksionerdir. Necə varsa elə də saxlayıb. Həm də o insanın atamın sənətinə böyük hörməti var. Sağ olsun hələ də sənətə, sənətkara qiymət verən insanlar” deyə sənətkarın qızı bildirib.

Geri qayıt