Əsas Səhifə > Şou-biznes > "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir"

"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir"


18-02-2025, 16:32
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir"
“Rasim Balayev kino sahəsindəki vəziyyəti hamımızdan yaxşı görür. Onun baş nazirə müraciət etməsi də çox gözəl addımdır. Elə onun bu sözləri deməyi çox yaxşı oldu. Ona görə də onun sözünün üstünə söz demək olmaz. Rasim Balayev həqiqətləri deyib. İstər uşaq filmləri olsun, istər bədii, istərsə də müharibə filmlərində geriləmə var. Hətta Gürcüstandan belə geri qalmışıq. Çox təəssüf ki, Orta Asiya ölkələrindən-Özbəkistandan, Qazaxıstandan geridəyik. İnşallah ki, hər şey Rasim müəllimin dediyi, görmək istədiyi kimi olar, yenidən filmlər çəkilər. Yaxşı olardı ki, bu müraciətlə bağlı büdcə ayrılsın və filmlər çəkilsin. Gənclər də istər təbiyəvi, istərsə də vətənpərvər ruhunda olan filmləri izləsinlər”

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktyor və prodüser Elməddin Cəfərov deyib. O daha sonra əlavə edib:
“Bu gün komediya filmləri dövlət büdcəsi ilə çəkilmir. Şəxsi büdcə ilə, sponsorlardan alınan pullarla çəkilir. Bunları digər filmlərlə eyni tərəziyə qoymaq olmaz. Bunu bir növ kiçik sahibkar biznesi kimi düşünün. “Azərbaycanfilm” kinostudiyası təmir olunsa, bu sahəyə daha ciddi yanaşılsa, nəzarət olsa, yeyinti olmasa, tam hədəfə vurulsa kinomuz əvvəlki qüdrətini geri qaytara bilər. Niyə də olmasın ki? Buna bilmirəm hansı qurum nəzarət etməlidir? Amma nəzarət mütləqdir. Bəzən yeyinti olur, aktyora və rejissora ödəniləcək qonorar kəsilir. Bu yeyinti dünyanın bir çox yerlərində, bütün sahələrdə var. Bu təkcə bizdə deyil ki! Uğura fokuslansaq, yalnız uğur üçün vuruşsaq inşallah ki, yeyinti olmaz. Uğurdan gələn qazanc daha gözəl olur” deyə aktyor bildirib.
Elməddin Cəfərov bildirib ki, arzuladığı və oynamaq istədiyi rol var:
“Hələ ki, arzusunda olduğum filmə və rola çəkilməmişəm. Bu mənə qismət olmayıb. Ümid edirəm ki, qismət olar” deyə aktyor bildirib.

Geri qayıt